Son 50 ildə beynəlxalq miqrantların sayı təqribən 3,4 dəfə artıb

Son 50 ildə beynəlxalq miqrantların sayı təqribən 3,4 dəfə artıb

1970-2020-ci illərdə dünyada beynəlxalq statuslu miqrantların sayı 84 milyondan 281 milyona çatıb. Bu rəqəmlər Miqrasiya üzrə beynəıxalq təşkilatın (MBT) Cenevrədə dərc olunan hesabatında öz əksini tapıb. AzVision.az xəbər verir ki, qlobal qiymətləndirməyə əsasən ötən il dünyada beynəlxalq statuslu 281 milyon miqrantın olduğu və bu rəqəmin dünya əhalisinin 3,6%-ni təşkil etdiyi bildirilir. Halbuki 1970-ci ildə bu rəqəm cəmi 84 milyon həddində idi.
Hesabata görə, koronavirus pandemiyası miqrasiya prosesinin qarşısına müəyyən mənada sədd çəkib. Ekspertlərin modelləşdirmə üzrə apardıqları tədqiqatlara əsasən, pandemiya yaşanmasa idi bu rəqəm daha 2 milyon çox ola bilərdi.
Hesabatda son 20 ildə beynəlxalq pul köçürmələrinin həcminin 126 milyard dollardan 702 milyard dollara çatdığı qeyd edilir. Hərçənd, kovid pandemiyası fonunda 2019 və 2020-ci illəri müqayisə etdikdə bu göstəricinin 2,4% azaldığı nəzərə çarpır.
Təşkilatın şərhinə görə, miqrantlar maliyyə vəsaitlərini ya birbaşa öz ailələrinə, ya da ki, öz ölkələrindəki icmalara göndərirlər.

- Dünya bankının pul köçürmələri barədə məlumatları rəsmi və qeyri rəsmi kanallarla aparılan, lakin qeydiyyatdan keçməyən pul köçürmələrini əhatə etmir. Buna görə də, yəqin ki, pul köçürmələrinin həcmi əldə olan qiymətləndirmə hesablamalrından daha böyükdür, - MBT vurğulayıb.

Hesabatda pul köçürmələri üçün əsas mənbənin yüksək gəirləri ilə seçilən dövlətlərin olduğu bildirilir. Ötən il bu müstəvidə 1-ci yeri ABŞ tutub. Oradan 2020-ci ildə digər ölkələrə 68 milyard ABŞ dolları həcmində vəsait köçürülüb. Birinci üçlükdə habelə BƏƏ (43 mlrd $) və Səudiyyə Ərəbistanı (34,6 mlrd $) yer alıblar. Rusiya pul köçürmələri üzrə donor ölkələr arasında 7-ci olub.

Beynəlxalq pul köçürmələrinin ünvanlandığı ölkələrdən keçən il Hindistan (83,2 mlrd $) birinci olub. İlk beşlikdə isə sonrakı yerlər belə bölüşdürülüb: Çin (59,5 mlrd $), Meksika (42,9 mlrd $), Filippin (34,9 mlrd $) və Misir (29,6 mlrd $).
Maraqlıdır ki, Çin pul köçürmələri üzrə donor ölkələr (18,1 mlrd $) sırasında da yer alıb.

Sahil İsgəndərov

Mənbə: azvision.az