Aqrar məhsul daşınmasında yeni şərt - VİDEO

Aqrar məhsul daşınmasında yeni şərt - VİDEO

Vergi Məcəlləsinə təklif edilən bir sıra dəyişikliklər və əlavələrə görə, gələn ildən öz həyətindən məhsulunu topdan ticarətçilərə satan kəndlilər mütləq alış aktı imzalamalı olacaqlar. Ekspertlər hazırda Milli Məclisə təqdim edilmiş bu dəyişkliyin kənddən ərzaq məhsulları daşınmasında şəffaflıq yaradacağını və vergi nəzarətini gücləndirəcyini düşünür.

Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevi Real TV-yə bildirib ki, bu, elektron əmtəə nəqliyyat qaiməsinin və yük avtomobili üçün elektron yol vərəqəsinin tərtibi zamanı baş verəcək.

Yəni vergi orqanının əməkdaşları bazara gələn kənd təsərrüfatı məhsulu barədə tam məlumatlı olacaqlar.. Məcəlləyə təklif edilən yeni düzəlişlərə görə, bazara gələn məhsul mütləq elektron qaydada qeydiyyata düşməlidir. Amma əvvəlki qaydalara görə bu mümkün deyildi və tədarükçülər bunu edə bilmirdilər.

İndiyə kimi kənd təsərrüfatı mallarının Bakıya gətirilməsində elə bir ciddi qayda yox idi. Alverçi yerli icra hakimiyyətindən kənddə yaşaması, fərdi təsərrüfatı olması barədə arayış alırdı və Dövlət Yol Polisi tərəfindən aparılan yoxlamalar zamanı sadəcə həmin arayışı təqdim etməklə vəziyyətdən çıxırdılar. Bakıda yaşayan alverçilər isə kənddə yaşayan hansısa tanışlarının adına belə arayış alırdılar və bu yolla qazandıqları pullara görə heç bir vergi ödəmirdilər. İşin rəsmi tərəfi o idi ki, kənd təsərrüfatı sektoru vergidən azaddır. Yəni kənd təsərrüfatı istehsalına heç bir dəxli olmayan, sadəcə ticarətlə məşğul olan alverçilər də bu yolla vergidən yayına bilirdilər. Bu zaman həmin malları təhvil etdikləri obyektlərdə əllərində olan arayışlara uyğun alış aktı tərtib edirdilər. Amma son zamanlar vergi qurumları həmin alış aktları ilə maraqlanmağa başlayıblar.

Alış aktlarının fərqli adamların adına imzalanmasının başqa səbəbləri də var. Real praktikada hətta kənd təsərrüfatı mallarının rəsmi ticarəti ilə məşğul olan alverçilər mal aldıqları adamlardan sənəd ala bilmirlər. Çünki kəndlilər mal satışı zamanı sənədləşmədən imtina edirlər. Səbəb, bəzi KİV-də yazıldığı kimi, kimlərinsə şəxsiyyət vəsiqəsi ilə şirkət açılması, yaxud iri məbləğdə kredit götürülməsi barədə yazılanlar insanları qorxudur.

Belə olan halda malı alan şəxs məcburən rəsmləşdirməni qohum və tanışlarının adına edirlər. Bunların da sayı çox olmadığına görə, 10 nəfərdən alınan mal 1 nəfərin adına sistemə yerləşdirililərək satışa çıxarılır.

Yəni artıq belə bu mümkün olmayacaq, çünki kəndlinin imzaladığı alış aktları öz təsərrüfatına uyğun olmalıdır, əks halda “artıq məhsul” üçün vergi ödəməli olacaq.

Belə faktları ortaya çıxarmaq vergi orqanları üçün çətin olmayacaq. Çünki vergi orqanı tərtib olunan elektron-əmtəə nəqliyyat qaiməsindən xəbərdar olacaq. Əslində, rəsmi qurumların kənd təsərrüfatı məhsullarının istehsalı və təchizatı ilə bağlı bu cür onlayn xəbərdar olması aqrar sahədə doğru siyasət aparmağa və təchizatda yerli istehsalçının payını ildən ilə artırmağa imkan verir. Məsələn, bu sistem Böyük Britaniyada son 20 ildə təchizatda yerli istehsalın payını 68 faizdən 85 faizə qaldırıb. Bu problem Azərbaycan üçün də önəmlidir. Azərbaycan hər il 1,7 milyard dollarlıq yeyinti məhsulu idxal edir. İdxal olunan ərzaqın çoxu strateji məhsullardır - məsələn, ildə 1,4 milyon ton buğda idxal olunur ki, bu, demək olar ki, ölkə əhalisinin ərzaq buğdasına olan ehtiyacının əsas hissəsi deməkdir. Yeni sistem idxaldan bu cür asılılığı azaltmağa imkan verəcək, həmçinin kənddən şəhərə ərzaq daşınmasında peşəkarların iştirakını təmin edəcək bu isə son nəticədə qiymətdə kəndliyə düşən payın ədalətli artımına səbəb olacaq. Bu qanundan həm kəndli həm də şəhərdə yaşayan istehlakçılar yaralanacaqlar. Ən əsası isə ölkə büdcəsinə vergi daxilolmalarının səmərəli artımı təmin ediləcək.

Mənbə: www.realtv.az