Dövlət Neft Fondunun Londonda aldığı əmlak zərərə - SƏBƏB OLUB

Dövlət Neft Fondunun Londonda yerləşən daşınmaz əmlakında 2018-ci ildə başlayan, hal-hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması Fondun daşınmaz əmlak portfelinin “birbaşa investisiyalar” alt bölməsində mənfi gəlirliliyə səbəb olub.

FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.

“Fondun daşınmaz əmlak alt portfeli ilin əvvəli ilə müqayisədə həcmində cuzi azalma müşahidə edilmiş, 9 ay ərzində gəlirlilik göstəricisi 5,76% təşkil etməsinə baxmayaraq, portfelin strukturuna daxil olan “birbaşa investisiyalar” üzrə mənfi gəlirlilik müşahidə edilmişdir. Daşınmaz əmlak portfelinin birbaşa investisiyalar alt bölməsində mənfi gəlirliliyə səbəb kimi Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə başlayan və hal-hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması ilə əlaqələndirilmişdir”,- Rəydə bildirilir.

Qeyd edilib ki, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 658,1 milyon ABŞ dolları təşkil etmişdir. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133,75 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 038,1 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,742 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya etmişdir. Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO” və “FLE SICAV-FIS” tərəfindən idarə olunan fond investisiyaları; “PGIM”, “Walton Street”, “Gaw Capital”, “Blackstone”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olmuşdur.

“Daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiyalar üzrə mənfi maliyyə nəticələri bu alt portfel üzrə digər gəlirli investisiya istiqamətlərinə üstünlük verməklə, birbaşa investisiya aləti üzrə iqtisadi şəraitin tələblərinə uyğun yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yarandığını deməyə əsas vermişdir”,- Rəydə deyilir.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

“Taliban” liderlərinin maaşı və Əfqanıstandakı minimum əməkhaqqı

SONRAKI XƏBƏR

Xərçəng riskini artıran hallar məlum oldu