“Banklardakı əmanətlər 1 ayda 141 milyon manat azalıb”

“Banklardakı əmanətlər 1 ayda 141 milyon manat azalıb”

“Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb:

“Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir”.

V.Bayramov vurğulayıb ki, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərib:

“Doğrudur, xərcləmələr, eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır.

Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu səbəbdən də əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.

Gələn ildən yenidən əmanət gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin evlərdə saxlanılan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

Mənbə: qafqazinfo.az