Qəssablar əti, restoranlar xörəyi bahalaşdırdı...

Qəssablar əti, restoranlar xörəyi bahalaşdırdı...

Akif Nəsirli: ”Ətin qiyməti bahalaşan kimi restoran və kafelərdə qiymət artımının..."

Yayılan məlumata görə, Azərbaycanda mal və quzu əti bahalaşıb. Yanvar ayının ilk ongünlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,50 qəpiyə, yaxud 11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyib və səbəbini topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.

Ət bazarında peyda olan yeni qiymətlər cəmiyyətdə məyusluq yaratsa da, restoranların, şadlıq evlərinin və kafelərin işinə yarayıb.

Bildirilənə görə, artıq bəzi kafelərdə, restoran və şadlıq saraylarında ət yeməklərinin qiymətlərində də artım baş verməyə başlayıb. Bir sözlə, restoranlar qiymət artımına start verib.

Ekspertlər deyirlər ki, nəinki restoran və şadlıq saraylarında, eləcə də satış məkanlarında bir müddətdən sonra ətdən hazırlanan məhsulların, yarımfabrikatların qiymətinin artımı gözlənilir.

Ətin qiyməti artar-artmaz bəzi restoran və şadlıq evlərində, kafelərdə ətdən hazırlanan xörəklərin, qidaların qiymətinin artmasının onsuz da gözlənilən olduğunu deyən iqtisadçı ekspert Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, restoran və kafelərin belə tezbazar şəkildə bahalaşmaya adekvat addım atması təəccüblü görünmür. Onun sözlərinə görə, bəzi işbazlar bu məsələdə də ayıq tərpənməyi bacarıb. “Bu əslində gözlənilən proses idi. Ətin qiyməti bahalaşan kimi restoran və kafelərdə qiymət artımının baş verəcəyi istisna edilmirdi. Biz bu məsələdə birmənalı olaraq qəssabı, restoranı işlədən sahibkarı günahlandırmalı deyilik. Düzdür, sui-istifadə hallarına yol verənlər, qiymətlər bazarda tam oturuşmamış "fəaliyyətə" keçənlər də var. Amma bahalaşmaya rəvac verən əsas amilləri unutmamalıyıq. Amma bütövlükdə bazar iqtisadiyyatıdır və bu halda da heç kəs kənardan bu məhsullara qiymət qoymamalıdır. Qiyməti tələb təklif tənzimləməlidir. Hökumət də bu tələb və təklifi nizamlaya, vergini tənzimləyə bilər, əlində olan vasitələrlə iqtisadiyyatı tənzimləməlidir. Eyni zamanda da bu sahəni stimullaşdırmaq istiqamətində işlər görməlidir. Bütün məhsulların, o cümlədən də qida məhsullarının qiymətinin artması səbəbsiz deyil. Bütün bu qiymət artımlarının səbəbi ötən il boyu hökumətin açar qiymətləri bahalaşdırmasıdır. Əsasən də yanacağın, bütün enerji daşıyıcılarının qiymətləri ötən il ərzində bahalaşıb. Dizel yanacağının qiymətinin bir neçə il ərzində 30 qəpikdən 80 qəpiyə qədər qaldırılması kənd təsərrüfatında xərcləri aşırı dərəcədə artırıb".

A.Nəsirli hesab edir ki bu da məhsulların maya dəyərinə təsir göstərib. O, qeyd etdi ki, bu amilin maya dəyərinə təsir etməsi xərcləri artırır, xərclərin artması isə qiymətlərin artmasına gətirib çıxarır. "Məsələn, dünən Tarif Şurası yenidən bir neçə xidmət üzrə qiymətləri qaldırdı. Yəni demək istəyirəm ki, bazarda bütün məhsulların qiymətləri qalxır. Bu halda, ətin qiyməti necə sabit qala bilərdi? Ətin bahalaşmasının ona bağlı olan qidaların restoranlarda bahalaşmasına da təsirsiz ötüşməməsi təbiidir. Bu məsələ necə xarakterizə oluna bilər? Ətin qiymətinin qalxması sahibkarın xərclərinin qiymətinin bahalaşması ilə bağlıdır. Digər tərəfdən, bazarda başqa məhsulların bahalaşması ətin də bahalaşmasını şərtləndirir. Necə? Sadə bir misal çəkim. Tutaq ki, bazarda bir nəfər satıcı balıq satır, balığı da bazarın yanındakı çaydan tutub və gətirir və birini bazarda bir manata satır, qazandığı beş manata bazarlıq edib evinə aparır. Amma onun yanında satılan bütün məhsulların qiyməti qalxıbsa artıq balıq satan da dünən beş manata aldığı ərzağı bu gün beş manata ala bilmir. O da məcbur olur ki, balığı bir manata yox, bir manat əlli qəpiyə satsın və uşaqlarına bazardan yemək ala bilsin. O məhsulların hamısı bahalaşıb. Bu halda da ətin qiymətinin əvvəlki formada qalması mümkün deyildi. Dünənə qədər bazarda ətdən və bəzi məhsullardan başqa heç bir məhsulun qiyməti sabit qalmamışdı. Ət bahalaşdı, o biri məhsullar da bahalaşacaq. Burada bir məsələ də var ki, hökumət bu məsələdə hansı formada çıxış edə bilər? İndiki halda hökumət özü ödədiyi əməkhaqlarını, pensiyaları qaldırmaqla bahalaşmanı kompensasiya etməlidir. Buna uyğun da özəl sektor özü özünü kompensasiya edəcək. Hökumətin ödədiyi məvaciblər yenidən artırılmalıdır” - deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com