Ölkədə ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb

Ölkədə ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Aqrar Sığorta Fondundan “Qafqazinfo”ya verilən məlumatına görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.

Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.

Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.

Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir:

- pomidor 2.12% - 4.58%

- baş soğan 1.61% - 3.18%

- sarımsaq 1.54% - 3.02%

- kələm 1.59% - 3.30%

- noxud 1.95% - 4%

- yaşıl noxud 1.95% - 4%

- qarpız 2.17% - 4.71%

- qovun 1.87% - 3.98%.

Mənbə: qafqazinfo.az