Yenidən xeyli insan virusa yoluxacaq - Növbəti dalğa TƏHLÜKƏSİ

Yenidən xeyli insan virusa yoluxacaq - Növbəti dalğa TƏHLÜKƏSİ

"Omicron" ştammı ilə bağlı öncədən də ÜST-ün, yerli və xarici mütəxəssislərin dediklərini təsdiqini tapmaqdadır. Belə ki, son zamanlar dünyanın müxtəlif ölkələrində yoluxanların sayında müşahidə edilən sürətli artım bir daha bu ştammın çox güclü yoluxuculuğa malik olduğunu təsdiq edir. Çünki son bir neçə həftə ərzində yoluxanların böyük əksəriyyəti məhz "Omikron"un payına düşür. Koronavirusun yeni ştammı olan "Omikron"un qısa zamanda dominantlıq edəcəyi, yoluxma sayında sürətli artımın müşahidə ediləcəyini biz günlər öncə sərhədlərimizdə hiss edirdiksə, artıq ölkəmizdə də bu virusun ön plana çıxmağa başladığını izləməkdəyik.

İndi bir çox ölkələr yenidən qapanır. Rusiyada ötən həftə yoluxma sayı iki dəfə artıb ki, bu da ümumilikdə Rusiya ərazisində isə əvvəlki həftələrlə müqayisədə yoluxma artımının 30 faiz çoxalması deməkdir. Yoluxanların bu qədər artmasına əsas səbəb isə "Omikron" ştammı göstərilir. Vladimir Putin ötən həftə xəbərdarlıq edib ki, hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi "bir neçə həftə vaxtı qalır".

Fransa parlamenti isə artıq "Omikron" ştamına görə sanitar qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul edib. Yeni qaydalar yanvarın 20-dən qüvvəyə minir. Yunanıstan da "Omikron"un sürətlə yayılmasının yeganə yolunun məhz vaksinasiya olduğunu nəzərə aldığı üçün 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara aylıq cərimələr tətbiq edib. Bununla da yüz minlərlə insan cərimə ödəməli olacaq. Bu cür addımları, sərt qərarları, qadağaları biz Avstriya, Almaniya, İslnadiya, Holandiya və başqa ölkələrin nümunəsində də göstərə bilərik.

Lakin Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət sabit adlandırmaq olar. Ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır ki, Azərbaycanda isə bu vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var.

Pandemiyanın vüsət aldığı ilk günlərdə vaksin çatışmazlığı, vaksin qıtlığından əziyyət çəkilirdisə, hazırda bu problem dünyada qismən, Azərbaycanda isə dövlətin gördüyü qabaqlayıcı tədbirlər sayəsində demək olar ki, böyük həcmdə həllini tapıb. Lakin Ümumdünya Səhiyyə Təşkilatının gələcək həftələrdə daha şiddətli xarakter alacağı, virusun daha geniş yayılacağı ilə bağlı xəbərdarlığı yenidən peyvəndləmənin vacibliyini aktuallaşdırır.

Pandemiyanın başladığı ilk günlərdən bu zamana kimi ölkədə görülmüş tədbirlər öz səmərəliliyini göstərir, yoluxma sayının stabil qalması və hazırda xəstəliyin nisbətən ağır fəsadlarla müşahidə edilməməsi deyilənləri təsdiq edir. Azərbaycan bu çətin sınaqdan uğurla, digər ölkələrlə müqayisədə daha az itkilərlə çıxmağı bacarıb. Lakin itkilərimizi də az hesab etmək olmaz və hər dünyasını dəyişən vətəndaş həmyerlimizdir, soydaşımızdır.

Məhz ölkəyə peyvəndlərin gətirilməsi və vaksinasiyanın qısa zamanda başladılması bu kimi xoşagəlməz hadisələrin qarşısını almaq üçün çox əhəmiyyətli hadisə idi. MDB məkanında birinci ölkə olduq ki, vaksinasiyaya start verdik. Geridə qalan bir il göstərdi ki, "Sinovac" və "Pfizer" vaksinlərinin effektivliyi yüksək səviyyədədir. Lakin mütəxəssislərin də dediyi kimi "Omikron"un sürətlə yayılmasına qarşı ən effektiv mübarizə üsulunun da məhz vaksinin buster (üçüncü doza) dozasının vurulması məsələsidir ki, bunun üçün müraciət edən vətəndaşların sayı ölkəmizdə yetəri qədər deyil. Bu isə ölkədə "Omikron"un qısa zamanda sürətlə yayılmasına səbəb ola bilər ki, onun da fəsadlarını biz pandemiyanın geridsə qalan dalğalarında daha aydın müşahidə etdik.

Bu günə kimi ölkədə buster dozasını 1 milyon 500-dən çox adam alıb ki, bu da ümumi rəqəmlərin çox aşağısında olan göstəricidir. Təbii ki, buster dozanın vaxtında vurulmaması, bunun üçün müraciət edənlərin azlığı ölkədə yeni dalğanın vüsət almasına şərait yarada bilər. Bu isə yenidən ağır fəsadların müşahidə edilməsinə gətirib çıxara bilər.

Virusun yayılma həcmini azaltmaq istiqamətində dövlətin atdığı addımlara dəstək verməyin tək yolu buster dozanın qəbul edilməsi ola bilər ki, yalnız bu yolla "Omikron" təhlükəsindən də xilas mümkünə çevriləcək. Əks təqdirdə bu zamana kimi iki doza vurulmuş şəxslərin belə bu virusa yoluxmaq ehtimalı getdikcə artmaqdadır. Çünki dozaların qəbul edilməsi üçün aradakı maksimum müddətin (6 ay) bitməsi qanda anticisimlərin artıq o səviyyəyə düşməsinə səbəb ola bilər ki, sanki peyvənd olunmayıb. Beləcə, bu zamana kimi alınan iki dozanın da əhəmiyyəti itmiş sayılır, həmin peyvəndlər də artıq təsir günü itirmiş olur. Buna yol verməmək, daha sürətlə yayılan, yoluxma gücü yüksək olan "Omikron"dan qorunmaq üçün üçüncü - "buster" dozanı almağın vacibliyi buna görə də dünyada artıq mübahisəsiz bir məsələyə çevrilib.

Azərbaycanda bu zamana kimi ümumiyyətlə vaksinasiya zamanı heç bir fəsadın müşahidə edilməməsi deməyə əsas verir ki, "Sinovac", həm "Pfizer" çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə də insanlar özlərini, ailə üzvlərini, valideyinlərini qorumaq üçün könüllü şəkildə buster dozanı da qəbul etməlidirlər. Hadisələr, proseslər vadar edir ki, bütün bu yeni davranış qaydalarına özümüzü uyğunlaşdıraq.

İndi bir çox ölkələrin yenidən qapandığını, yenidən məhdudiyyətlər tələb edildiyini nəzərə alsaq, virusun ölkəmizdə də sürətlə yayılmasına fürsət verməmək üçün bir seçimimiz var. Bu səbəbdən də virusun yayılma həcmini azaltmaq məqsədilə olmazsa olmaz dediyimiz, dünya mütəxəssislərinin də ən vacib hesab etdiyi mübarizə üsulu - vaksinasiya prosesi davam etdirilməlidir.

Koronavirusun yeni "Omikron" ştammının ciddi fəsadlarla yayılmasına şərait yaratmamaq, bu ştammdan da daha az itkilərlə yaxa qurtarmaq üçün başqa seçim yoxdur. Nəzərə alsaq ki, ÜST yaxın həftələrdə dünyada "Omicron"a görə növbəti dalğa başlayacağı siqnalını verib və mart ayına Avropa əhalisinin yarısından çoxunun "Omicron" ştammına yoluxacağını proqnozlaşdırır, o zaman ümumi qlobal rskin çox yüksək olduğu bu ştammdan yeganə xilas yolu qısa zamanda buster (üçüncü) dozanı vurdurmaqdır. Nəzərə alsaq ki, infeksiyanın yayılmasını şərtləndirən vacib məqam kimi vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - "buster" dozanı vurduranların sayının azlığı göstərilir, o zaman bu ştammın yayılmasının və yoluxanlarının sayının sürətlə artacağı ehtimalı şübhə doğurmur. Lakin bu şatmmdan daha az fəsadla, yüngül simptomlarla xilas olmaq üçün dərhal vaksinasiya prosesini qaldığı yerdən davam etdirmək zərurəti yaranıb.

Mustafa Ömər
 

Mənbə: news.milli.az