Bahalaşma nə qədər davam edəcək?

2020-ci ildə pandemiya şəraiti bir çox iqtisadi və əsas istehsal sahələrini məcburi məhdudiyyətlərlə üzləşdirdi. Ötən il pandemiyadan çıxandan sonra tələbatın artmasına baxmayaraq, məhdudiyyətlə üzləşən iqtisadi fəaliyyət sahələri əvvəlki vəziyyətinə qısa müddətdə qayıda bilmədi. Bu səbəbdən bütün dünyada bahalaşma başladı. Bunlar Azərbaycana təsir etməyə bilməzdi. Unutmayın ki, ərzaq məhsulları sarıdan biz bir çox istiqamətlərdə idxaldan asılıyıq.

Bu sözləri Axar.az-a iqtisadçı Pərviz Heydərov Dövlət Statistika Komitəsinin ərzaq bahalaşması ilə bağlı açıqladığı yeni statistika barədə danışarkən deyib.

”Rəsmi göstəricilər ümumi xarakter daşıdığından biz həmin məhsullar üzrə bahalaşmanın dəqiq səviyyəsini müəyyən edə bilmirik. Keçən il ərzində çörək, un və digər un məhsulları üzrə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq edilməsəydi, xüsusən ərzaqlıq buğdanın ölkəyə idxalı üzrə məhdudiyyətlər aradan götürülməsəydi, bu sahədə bahalaşma daha çox olardı. Ötən ildən məlum idi ki, çörək və digər un məhsulları üzrə bahalaşmadan qaçmaq mümkün olmayacaq. Bahalaşma tendensiyası hələ ki, davam edir. Ən yaxşı halda bu ilin 1-ci rübünün sonuna qədər bahalaşmanı müşahidə edəcəyik”, - iqtisadçı bildirib.

O qeyd edib ki, 2021-ci il ərzində ölkədə bütövlükdə bütün istehlak qiymətləri bahalaşıb. Artıq məlumdur ki, keçən il ərzində istehlak qiymətlərinin indeksi təxminən 7%-ə qədər artıb:

“Ən çox bahalaşan isə ərzaq məhsullarında oldu. Statistika göstərir ki, dekabr ayı ərzində noyabra nisbətən ərzaq məhsulları 1%-dən çox bahalaşıb. 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 12% təşkil edib. Rəsmi statistika özü də keçən il ərzində ilin sonuna qədər ərzaq məhsullarının indeksini, yəni qiymətlərinin bahalaşdığını qeydə alıb. Statistika Komitəsi keçən ilin yekunlarını açıqlamayıb. Yanvar-noyabr aylarının göstəriciləri məlumdur. Dekabr ayının isə bütün göstəriciləri açıqlanmayıb. Bu səbəbdən keçən ilin ümumi yekunundan danışmaq hələ çətindir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (yəni bahalaşma) əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Məhkəmə 77 nəfəri öldürən terrorçunun azadlığa buraxılması tələbinə baxacaq

SONRAKI XƏBƏR

Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb