Botanika İnstitutunun əməkdaşı Ukraynada göbələkləri araşdırıb

Botanika İnstitutunun əməkdaşı Ukraynada göbələkləri araşdırıb

Bakı, 18 yanvar, AZƏRTAC

AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin kiçik elmi işçisi Aytac Əliməmmədova Ukrayna Milli Elmlər Akademiyası M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsində elmi ezamiyyətdə olub.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, ezamiyyət müddətində Aytac Əliməmmədovanın yerinə yetirdiyi dissertasiya işi üzrə “Laetiporus sulphureus (Bull.)”, “Phellinus igniarius (L.)”, “Pleurotus ostreatus (Jacq.) P. Kumm.” tibbi və qida əhəmiyyətli göbələklərin ekzopolisaxaridlərinin, endopolisaxaridlərinin, ümumi fenol birləşmələrinin miqdarı, antibakterial aktivliyi və miselial inkişaf sürətləri araşdırılıb, yeni metodikalar mənimsənilib. Həmçinin görülən işlər üzrə məqalənin hazırlanması müzakirə edilib.

Tədqiqat işinə cəlb edilən göbələklər Ukrayna Botanika İnstitutunun Göbələk Kultura Kolleksiyasına da depozit edilib. Qeyd edək ki, həmin kolleksiya 1966-cı ildə professor A.S.Buxalo tərəfindən yeməli və tibbi əhəmiyyətli göbələklərin biologiyası və biotexnologiyası üzrə fundamental tədqiqatlar və nəsli kəsilməkdə olan həssas və nadir növlər də daxil olmaqla makromisetlərin genofondunun qorunması məqsədilə yaradılıb. Hazırda professor Nina Biskonun kuratorluq etdiyi göbələk kultura kolleksiyasında 265 növə aid 1340-dan çox ştamp saxlanılır. Kolleksiya Ukraynada unikaldır və Avropanın ən böyük kultura kolleksiyalarından biri hesab olunur.

 

Mənbə: azertag.az