15 gün ərzində dollar satışı niyə belə kəskin artıb?..

15 gün ərzində dollar satışı niyə belə kəskin artıb?..

Ruslan Atakişiyev: “İnsanlar əllərində saxladıqları vəsaitləri necə gəldi dollara çevirirlər”

Adətən idxal-ixrac əməliyyatları ilə əlaqədar ilin sonunda, yəni dekabrda dollara tələbat kəskin artır. Bu da ənənəvi olaraq bir sıra iqtisadi amillərdən qaynaqlanır. Məsələ ondadır ki, dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı olur. Xaricdə istirahətlə bağlı səfərə gedənlər olur. Bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlarla bağlı olaraq idxala tələb artır.

Ancaq qəribədir ki, bu il yanvarın 15 günündə Mərkəzi Bank 3 valyuta hərracı keçirib və artıq Neft Fondu 324,1 milyon dollar satışa çıxarıb. Göründüyü kimi, orta satış məbləği 108 milyon dollardır. Bu isə əvvəlki ilin valyuta hərraclarının orta göstəricindən xeyli yüksəkdir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 15 günündə Mərkəzi Bank cəmi 140 milyon dollar satıb. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60 faizdən çox artıb.

Maraqlıdır, ölkədə dollarla bağlı nə baş verir ki, 15 gün ərzində dollar satışı belə kəskin şəkildə artıb? Bunun kökündə dayanan səbəblər hansı faktorlarla bağlıdır?

“Problem ondadır ki, qeyri-neft məhsullarına olan tələbatın böyük hissəsi idxal hesabına təmin edilir”

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev dollara tələbatın belə kəskin şəkildə artmasını bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi idxalla bağlıdır. Problem ondadır ki, Azərbaycanda qeyri-neft məhsullarına olan tələbatın böyük hissəsi idxal hesabına təmin edilir. Bu da əsasən dollarla həyata keçirilir. Bu səbəbdən dollara tələbat artır. Nəzərə almaq lazımdır ki, dünyada bir sıra məhsulların qiyməti artır. Başqa bir tərəfdən, dünyada gedən proseslərlə əlaqədar dollarla bağlı müəyyən şaiyələr də gəzir. Bu da, istər-istəməz, müəyyən psixoloji təsir göstərir. İnsanlar əllərində saxladıqları vəsaitləri necə gəldi dollara çevirirlər. Bu da dollara olan tələbatın artmasına səbəb olur. Bu səbəbdən hesab edirəm ki, yeni il daxil olandan Azərbaycanda dollara olan tələbat artıb. Bəzən bunu ölkədəki bankların fəaliyyəti ilə də əlaqələndirirlər. Ancaq mən bunu real hesab etmirəm. Ona görə ki, Azərbaycanda banklara müəyyən nəzarət var. Bu baxımdan onların belə bir fəaliyyətlə məşğul olması real görünmür. Banklar belə bir fəaliyyətlə məşğul olarsa, o zaman belə çıxır ki, müvafiq qurumların bundan xəbəri var. Ona görə də bu barədə deyilənlər real deyil”.

Bir sözlə, iqtisadçı-ekspert baş verənləri dollara tələbatın artması ilə əlaqələndirdi.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com