Daşınmaz əmlak bazarında qiymətlər necə olacaq? - Ekspert AÇIQLADI

Daşınmaz əmlak bazarında qiymətlər necə olacaq? - Ekspert AÇIQLADI

2022-ci ilin ilk həftələrində paytaxtın mənzil bazarında evlərin qiymətinin hansı istiqamətdə dəyişəcəyi indi hər kəsi maraqlandırır. Ev almaq istəyənlərin maraq dairəsində olan məsələ Bakının hansı ərazilərində evlərin ucuz və ya baha olmasıdır. Ayağını yorğanına görə uzadanlar da, daha mərkəzi yerlərdə ev almaq arzusunda olanlar da mütəmadi olaraq evlərin, torpaq sahələrinin qiymətləri ilə maraqlanır.

Bir çox ekspertlər düşünür ki, yaz aylarında mənzil bazarında qiymətlər cüzi də olsa, artacaq.

Day.Az-ın məlumatına görə, daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov Publika.az-a açıqlamasında söyləyib ki, hazırda Bakı şəhərinin əsasən Qaradağ, Suraxanı, Xəzər və qismən Binəqədi rayonlarının qəsəbələrində daha ucuz qiymətə fərdi yaşayış evləri tapmaq mümkündür:

"Bu evlər 1 və 2 otaqlı olmaqla 12 000 AZN-dən 20 000 AZN-dək qiymət aralığındadır. Bu ərazilərin şəhər mərkəzindən kənarda yerləşməsi, həmçinin tikintiyə yararlı torpaq sahələrinin kifayət qədər çox olması burada 1 sot torpağın digər ərazilərə nisbətən daha ucuz olmasına gətirib çıxarır. Nəticə etibarilə qeyd etdiyim ərazilərdən daha ucuz evlər tapmaq mümkün olur".

Hansı ərazilərdə qiymətlər daha bahadır?

B.Həsənov bildirib ki, ənənəvi olaraq, əsasən şəhərin mərkəz ərazilərində qiymətlər yüksəkdir:

 

"Bu ərazilərə Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonlarını aid etmək olar. Xüsusən də nəzərə alsaq ki, bu ərazilərdə tikintiyə yararlı torpaq sahələri günbəgün məhdudlaşır. Yaxın gələcəkdə bu ərazilərdə torpaq sahələri hədsiz yüksək qiymətə təklif ediləcək. Bunun nəticəsi olaraq mərkəz ərazilərdə satışa təklif olunacaq fərdi yaşayış evlərinin və villaların da qiyməti bahalaşacaq".

Yaxın zamanlarda qiymətlər necə dəyişəcək?

Ekspert düşünür ki, 2022-ci ildə mənzil qiymətlərində artım olacaq:

"Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb keçən ildən etibarən tikinti materiallarının təxminən 2 dəfəyə qədər bahalaşması, həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik".

Mənbə: news.day.az