“Azəriqaz” bu il də abunəçilərinin sayı 70-80 min artırmağı planlaşdırır

"Hər il Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi abunəçilərinin sayında 70-80 min artım olur. Proqnozlaşdırılır ki, bu il də bu qədər artım olacaq".

Bunu “Report”a açıqlamasında qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

"Artıma səbəb dövlətin apardığı qazlaşdırma işləridir. O cümlədən yeni çoxmərtəbəli yaşayış binalarında təbii qazla təmin olunan mənzillərin sayı artmaqdadır", - deyə o, qeyd edib.

Bundan başqa, "Azəriqaz" rəsmisinin sözlərinə görə, ötən il ölkədə 7 milyard kubmetr qaz istehlak olunub. Bunun 3,9 milyard kubmetrini əhali, 3,1 milyard kubmetri isə qeyri-əhali abunəçiləri istehlak edib.

"2020-ci illə müqayisədə qaz istehlakında 819 milyon kubmetr artım olub. Bu da kifayət qədər böyük bir rəqəmdir. O cümlədən əhali abunəçuləri üzrə artım 213 milyon kubmetr təşkil edib. Buna səbəb son illər həm əhali abunəçilərinin sayının artması, həm də pandemiya dövründə əhalinin evdə daha çox olmasıdır. Qeyri-əhali abunəçiləri üzrə artım isə 606 milyon kubmetr olub. Bu il də istehlak həcmlərində artım olacağını, yəni 8,2 milyard kubmetr qaz istehlak ediləcəyni gözləyirik", - deyə o, qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Quruyan ağaclar sakinləri evindən didərgin salıb

SONRAKI XƏBƏR

İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb