Aqrar Sığorta Fondu ilk dəfə pambıq sahəsinə dəymiş ziyana görə ödəniş edib

Aqrar Sığorta Fondu ilk dəfə pambıq sahəsinə dəymiş ziyana görə ödəniş edib

Aqrar Sığorta Fondu pambıq istehsalı və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiy" MMC-nin pambıq sahəsinə dəymiş ziyana görə ödəniş edib.

Bu barədə "Report"a Fonddan bildirilib.

Məlumata görə, bu, qurumun pambıqçılıq üzrə ilk ödənişidir.

Belə ki, bitki xəstəlikləri nəticəsində şirkətin Yevlax rayonunun Aran qəsəbəsindəki sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunun Əhmədbəyli kəndindaki sahəsi 41 hektar olan pambıq sahəsinə ziyan dəyib. Fond və şirkət arasında imzalanmış müqaviləyə uyğun olaraq, 17 834 manat və 7 116 manat olmaqla ümumilikdə 24 950 manat ödəniş edilib.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin sonundan fəaliyyətə başlayan dövlət dəstəkli aqrar sığorta çərçivəsində ümumilikdə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Sığortalanan pambıq sahələri isə 10,5 min hektardan artıqdır.

Mənbə: report.az