Hindistan fevral ayında Əfqanıstana 50 min ton buğda göndərəcək

Hindistan fevral ayında Əfqanıstana 50 min ton buğda göndərəcək

Hindistan fevral ayının əvvəlində Pakistan ərazisindən keçməklə Əfqanıstana 50 min ton buğda göndərəcək.

AZƏRTAC AajTak telekanalına istinadla xəbər verir ki, İslamabad və Nyu-Dehli Pakistan ərazisindən keçməklə Əfqanıstana humanitar yardım qismində buğda çatdırılması barədə məsələni diplomatik kanallar vasitəsilə razılaşdırıblar. Hindistan buğdasının tranziti ilə bağlı danışıqlar oktyabrın 19-dan bəri davam edirdi.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülən yük maşınları buğdanı daşımaq üçün Pakistan-Hindistan sərhədində yerləşən Attari-Vaqah keçid məntəqəsindən istifadə edəcək. Həmin buğdanın 1200 yük maşını vasitəsi ilə daşınmasına bir ay vaxt lazım gələ bilər. Hindistan tərəfinin təqdim etdiyi humanitar yardım Pakistan-Əfqanıstan sərhədində yerləşən Torkham sərhəd-keçid məntəqəsindən Əfqanıstana daxil olacaq.

Rəsmi İslamabad əvvəlcə buğdanın BMT bayrağı altında Pakistana aid yük maşınları vasitəsilə daşınmasında israr edirdi. Lakin Nyu-Dehli humanitar yardımın çatdırılması ilə bağlı heç bir şərti qəbul etməyib və yekunda belə qərar qəbul olunub ki, yardım Hindistana və ya Əfqanıstana məxsus maşınlarla daşınsın.

Hindistan buğdasının Əfqanıstana tranzitini şərh edən Pakistanın Xarici İşlər Nazirliyi bu qərarın gələcək daşımalar üçün nümunə olmadığını bildirib və İslamabadın Əfqanıstan-Hindistan ticarəti üçün öz ərazisindən istifadəsinə qadağa qoyduğunu qeyd edib.

 

Mənbə: azertag.az