Qazilər yanlış anlayıb: yalnız bu vergidən azad olunurlar

Qazilər yanlış anlayıb: yalnız bu vergidən azad olunurlar

Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılmışdı. Dəyişikliyə əsasən Vətən müharibəsi iştirakçılarının bir sıra gəlir vergisindən azad olunması nəzərdə tutulub. Bu məsələ müharibə iştirakçıları arasında yanlış anlaşılıb. Dövlət işində çalışanlar aylıq əldə etdikləri maaşdan tutulan vergidən də azad olunacaqlarını zənn edirlər.

Bununla bağlı Axar.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, bu qərar yalnız bank, həmçinin digər kredit təşkilatlarına olan borcların silinməsindən əldə edilən gəlir vergisinə aiddir:

“Əvvəlcə bu qərar yalnız Vətən müharibəsi şəhidlərinin ailələrinə aid idi. Lakin yeni qərar Vətən müharibəsi iştirakçılarına da şamil edildi. Artıq onlar da bank, həmçinin digər kredit təşkilatlarına olan borcların silinməsindən əldə edilən gəlir vergisindən azad ediləcəklər. Əgər Vətən müharibəsi iştirakçısı hansısa bankdan 2021-ci ilin yanvarına qədər kredit götürmüşdüsə, hər hansı kredit təşkilatı ilə müqaviləsi var idisə, həmin borcların faizlərindən azad ediləcək. Qanun bu səviyyədə qəbul olunub”.

Mənbə: axar.az