Tovuzda sudan qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə regionlarda nəzarət tədbirləri həyata keçirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Tovuz rayonunda bəzi istehsal və xidmət obyektlərində içməli sudan qanunsuz istifadə edilməsinin, bağ və üzümlük sahələrinin suvarılmasının qarşısı alınıb.

Araşdırmalar zamanı məlum olub ki, Tovuz şəhərini içməli su ilə təmin edən 500 mm diametrli Zəyəmçay-Tovuz magistral su kəmərinə qeyri qanuni birləşmə verilib və buradan götürülən sudan üzümlüklər suvarılıb. Digər bağ sahəsinin su təchizatı sisteminə baxış keçirilərkən 3 ədəd su sayğacının quraşdırıldığı aşkarlansa da həmin sayğacların heç bir əhəmiyyət daşımadığı məlum olub. İbrahimhacılı kəndində isə yeni salınmış meyvə bağının suvarılması üçün yüksək təzyiqli magistral su kəmərindən qanunsuz birləşmə verilib. Zəyəmçay-Tovuz magistral kəmərinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində yaranan axıntı hesabına göl yaradılıb və nasoslar vasitəsilə həmin sudan suvarmada istifadə olunub.

Araşdırmalar nəticəsində Tovuz şəhərində dəyirmanda, avtoyuma və avtoservis məntəqəsində, kafe, çayxana, çörək, ət kəsimi, tamet sexlərində içməli sudan sayğacdankənar və qanunsuz istifadə halları aşkar edilərək həmin obyektlərin su təchizatı dayandırılıb. Eyni zamanda heç bir müqavilə bağlamadan və abonent kimi qeydiyyata düşməyən bəzi fərdi yaşayış evlərinin də içməli sudan qanunsuz istifadə etməsinin qarşısı alınıb.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 14564, fakt aşkarlanıb və 4 mln 147 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Ötən il sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qar İstanbulu iflic etdi: İmamoğlu çarəsiz qaldı - Video

SONRAKI XƏBƏR

Şahin Mustafayev: "Araz Vadisi İqtisadi Zonası"nda Təbrizin traktor zavodunun filialı yaradıla bilər"