Hökumət rəsmisi: "Azad olunan ərazilərin bərpası üçün 95 layihə icra edilib"

Hökumət rəsmisi: "Azad olunan ərazilərin bərpası üçün 95 layihə icra edilib"

"İşğaldan azad olunan ərazilərin bərpa və yenidən qurulması üçün 95 layihə icra edilib".

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərin mina və partlamamış hərbi silah-sursatlardan təmizlənməsi üçün bu il də geniş miqyasda işlərin görülməsi nəzərdə tutulub: "Bu layihələrin əsas məqsədi, azad olunan ərazilərdə nəqliyyat, energetika, su təsərrüfatı və digər əsas infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, kənd təsərrüfatı və sənaye parkları üçün nəzərdə tutulan ərazilərin təmizlənməsidir. Eyni zamanda vətəndaşlarımızın bu ərazilərə qayıtması, yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması və əlverişli şəraitin yaradılmasından ibarətdir".

R.Məmmədov qeyd edib ki, Ağdam ərazisində 8200 hektardan çox ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib: "Bu il üçün, isə Ağdam ərazisində 9400 hektar ərazilərin təmizlənməsi planlaşdırılır. Ümumilikdə isə 2021 - ci ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə işlərinə start verilmişdi. Bu işlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Ötən ül ümumilikdə 20 mindən çox ərazi minalardan təmizlənib. Həmin ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar və partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib".

Mənbə: report.az