Naxçıvanda meliorasiya və irriqasiya sistemləri təkmilləşdirilir

Naxçıvanda meliorasiya və irriqasiya sistemləri təkmilləşdirilir

Muxtar respublikada ötən il yeni torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilib, meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 363,4 hektar sahədə qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi, Ordubad rayonunda Zəvvar arxının əsaslı təmiri başa çatdırılıb.

Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi ötən il davam etdirilib.

Bundan əlavə, suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında iki, Cəhri qəsəbəsi ərazisində, Hacıvar kəndində və Naxçıvan şəhərində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılıb.

 

 

Mənbə: azertag.az