Rusiyadan idxal edilən ərzaq taxılı əslində mal yemidir? - Ağstafalı məmurdan şok iddia...

Rusiyadan idxal edilən ərzaq taxılı əslində mal yemidir? - Ağstafalı məmurdan şok iddia...

Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov mətbuata açıqlamasında iddia edib ki, ölkəyə idxal olunan taxılın böyük əksəriyyəti tam yararsızdır: “Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, heç 20-yə çatmır. Ona görə də bu, mal yemi hesab olunur. Yəni, heyvandarlıqda istifadə olunan taxıldır”.

Doğurudanmı, Azərbaycana idxal edilən taxılın əksəriyyəti heyvandarlıqda istifadə olunur? Ölkəyə idxal onunan taxılın keyfiyyətinə, sortuna aidiyyatı dövlət qurumları niyə nəzarət etmir?

Vüqar Hüseynov: “Buna biz tərəfdən açıqlama vermək uyğun deyil”

İddia ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovla əlaqə saxladıq. V.Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə təmsil etdiyi nazirliyin aidiyyatı yoxdur, yaxşı olardı ki, bu məsələyə taxıl idxalını həyata keçirən şirkətlər və un istehsalçıları cavab versin. “O məsələnin bizə aidiyyatı yoxdur. Biz məhsul ixrac etmirik, onu vətəndaşlar gətirirlər. Aqrar Komplekslər ki, var onlar bizim nazirliyə tabe olan qurumlar deyillər. İxrac məsələsi də bizim nazirliyə aid deyil. Hansı məhsulu, hansı məqsədlə gətirdiklərini sahibkarlar özləri müəyyənləşdirirlər. İstəsələr ərzaq buğdası gətirirlər, istəsələr heyvan yemi gətirsinlər, qərarı özləri verir. Buna biz tərəfdən açıqlama vermək uyğun deyil. Bu barədə səlahiyyət bizdə deyil” - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri bildirdi.

Bəzi ekspertlər deyirlər ki, sahibkar ölkəyə müxtəlif sortlarda taxıl idxal edir və bazara çıxarır, onlar arasında ərzaq buğdası da var, heyvan yemi sayılan buğda da. Onlar deyir ki, un və çörək istehsalçıları bazardan əsasən ərzaq buğdası almırlar və aşağı sort buğdanı alıb un istehsal edirlər. Səbəb də qiymətlərlə bağlıdır. Bir sözlə, bəzi ekspertlər hesab edir ki, günah ölkəyə taxıl idxal edənlərdə yox, un istehsalçılarındadır.

Vahid Məhərrəmov: “Bizim ölkəyə isə 4-cü, 5-ci sinif mal-qara yemi üçün nəzərdə tutulan buğda gətirilir”

Dövlət qurumundan lazımı cavabı ala bilmədiyimiz üçün ekspertə üz tutduq. Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bizimlə söhbətində bildirdi ki, Rusiyadan ölkəmizə idxal edilən taxılın əksər hissəsinin heyvan yemi olduğunu yeni məsələ deyil, o, özü bu problemi dəfələrlə gündəmə gətirib. “Mən görün neçə ildir ki, ölkəyə idxal olunan taxılın çox böyük hissəsinin heyvan yemi olduğunu deyirəm. Onlar mənim dediklərimi əsas gətirib deyirlər. Biz hətta o taxılı xarici ölkəyə göndəririk oradan buğdanın keyfiyyəti ilə bağlı məlumat gəlir”. V.Məhərrəmov qeyd edir ki, həqiqətən də ölkəyə gətirilən buğda əsasən heyvan yemi kimi də nəzərdə tutulan buğdadır, idxal edilən buğdanın çox az hissəsi ərzaq buğdasıdır. “Bu 16-17 faiz yapışqanlığı olan buğdadı. 16-17 faiz yapışqanlığı olan buğdadan un üyütmək olmaz. Ölkəmizə gətirilən buğdanın yalnız keyfiyyəti ziyanlı deyil, həm də həmin buğdadan az un əldə olnur. Təsəvvür edin ki, belə buğdaların 72-75 faiz un çıxışı var. Deməli, ərzaq buğdasının un çıxışı 85-90 faizdi bununku isə 72-75 faizdir. Təsəvvür edin ki, nə qədər azdı. Bizim əhali də 16-17 faiz yapışqanlığı olan həmin buğdanın unundan bişirilən çörəyi daha çox istehlak etməyə məcbur olur. O çörəyin tutumu azdır, doyumluluğu yoxdur, keyfiyyəti çox aşağıdır”.

V.Məhərrəmli əlavə etdi ki, keçən əsrin 80-ci illərində və 90-cı illərinin əvvəllərində bişirilən çörəklə indi bişirilən çörəyi heç cür müqayisə etmək mümkün deyil. Gürcüstan təcrübəsinə istinad edən V.Məhərrəmovun sözlərinə görə, Saakaşvli halimiyyəti dövründə 4-cü, 5-ci sinif buğdanın ölkəsinə idxalına qadağa qoyub və bu ölkədə indi də həmin qadağa mövcuddur.

Azərbaycana əsasən neçənci siniz buğda gətirilir? Sualına V.Məhərrəmovun cavabı belə oldu: “Bizim ölkəyə isə 4-cü, 5-ci sinif mal-qara yemi üçün nəzərdə tutulan buğda gətirilir. Ərzaq buğdasına gəlincə, bu ola bilsin ki, çox az həcmdə gəlir. Ondan da özünü “elita” hesab edən yüksək vəzifəli məmurlar üçün çörək bişirilir və onların evlərinə göndərilir. Siz bir çörəyin ətrinə fikir verin, çörəkdən heç bir ətir gəlmir...” - deyə V.Məhərrəmov qeyd etdi.

Hesab edirik ki, aidiyyatı qurumlar, taxıl idxalçıları, un və çörək istehsalçısı olan şirkətlər, sahibkarlar bu ciddi problemə öz münasibətini bildirəcəklər.
İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com