Belarus sanksiyalara qarşı ərzaq embarqosunu genişləndirib

Belarus sanksiyalara qarşı ərzaq embarqosunu genişləndirib

Belarus respublikasının hökuməti Qərbin sanksiyalarına cavab olaraq ərzaq embarqosu tətbiq edilən ölkələrin siyahısını genişləndirib.

AZƏRTAC xəbər verir ki, hökumətin bununla bağlı qərar şənbə günü Milli hüquq internet portalında dərc olunub. Sənədə əsasən, ərzaq embarqosu qoyulan ölkələrin siyahısına Lixtenşteyn və Serbiya da əlavə edilib. Bundan əvvəl həmin siyahiya Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Albaniya, Böyük Britaniya, İslandiya, Norveç, Şimali Makedoniya, Monteneqro və İsveçrə daxil idi.

2022-ci il yanvarın 1-dən Belarus ona qarşı qeyri-dost siyasəti yürüdən ölkələrdən ərzaq malları idxalına qadağa qoyub. Embarqo ilə əlaqədar bütün sərhəd perimetri üzrə gömrük nəzarəti gücləndirilib.

Siyahıya təxminən 20 maddə daxildir. Onların sırasında mal və donuz əti, süd və süd məhsulları, meyvə və qoz-fındıq, kolbasalar, qənnadı məmulatları, tərəvəz var.

Mənbə: azertag.az