Ölkə iqtisadiyyatının dayanıqlılığı artıb - VİDEO

Ölkə iqtisadiyyatının dayanıqlılığı artıb - VİDEO

2021-ci ildə Azərbaycan iqtisadiyyatında qeydə alınmış böyük artımın əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılması olub. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz «Twitter» səhifəsində bildirib.

«Azərbaycanda tətbiq olunan iqtisadi artım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir. Ötən il ölkəmizdə adambaşına ümumi daxili məhsul 5 min 452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur»,- deyə nazir vurğulayıb. (TVİT)

İqtisadçı ekspert Xalid Kərimli REAL TV-yə müsahibəsində bildirib ki, ölkə iqtisadiyyatının yüksək artım göstəriciləri məhz hökumətin iqtisadiyyata verdiyi böyük dəstəklə bağlıdır və bu dəstək sonrakı illərdə də davam etdiriləcək:

“Azərbaycan öz iqtisadiyyatına, öz şirkətlərinə və öz əhalisinə kifayət qədər dəstək verdi və şirkətlərin sıradan çıxmasının qarşısını aldı. Rezervlərindən istifadə edərək, əhalinin gəlirlərinin azalmasını müəyyən qədər kompensasiya elədi. 2021-ci ildə biz iqtisadiyyatda artım müşahidə elədik. Ümumi daxili məhsul artdı. Və 2022-ci və 2023-cü ildə də həm ölkə hökuməti, həm xarici təşkilatlar Azərbaycan iqtisadiyyatına ortalama növbəti üç il üçün 3,7 - 3,8 faizlik bir artım proqnozlaşdırırlar. Beynəlxalq təşkilatlar məsələlərə bir az konservativ yanaşır, zaman-zaman öz proqnozlarını daha sonra hökumətin proqnozları ilə uyğunlaşdırmağa çalışırlar. Bir az konservativ yanaşırlar və sonradan yenidən revizə edirlər».
İlkin məlumatlara görə, 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ümumi daxili məhsulun real həcmində 5,6 faiz artım qeydə alınıb.

Buna paralel olaraq, ölkədə istehlak bazarı da canlanaraq 3,7 faiz artıb və dollar ifadəsi ilə 53 milyard manata bərabər olub. Mikayıl Cabbarov başqa bir tvitində bunu, ölkədə istehlak tələbinin canlanması ilə izah edib.
İstehlak bazarı dedikdə fərdi istehlak üçün mal və xidmətlər alan və ya əldə edən ayrı-ayrı şəxslər və ev təsərrüfatları tərəfindən formalaşdırılan alıcılar bazarıdır. Adətən bu bazarın canlanması alıcının sabaha inamı və iqtisadi vəziyyətə etibarı ilə bağlı olur.

Bu da bazarda tələbi artırır, xüsusilə də, qeyri-neft sektorunda sifarişlərin çoxalması ilə iqtisadi artım templərini sürətləndirir. 2021-ci ildə qeyri-neft sektorunda ümumi daxili məhsulun real həcmi 7,2 faiz artaraq daha yksək göstərici nümayiş etdirib.

Bu, xüsusilə sənayenin qeyri-neft sektorunda bir sıra məhsulların istehsalının kəskin artması sayəsində baş verib. Əgər 2021-ci ildə bütövlükdə Azərbaycan sənayesində məhsul istehsalı 5,2 faiz artıbsa, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artım nümayiş etdirib.

Qeyri-neft sənayesində belə yüksək göstərici tikinti materiallarının istehsalı 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 46,7 faiz artmasının hesabına əldə edilib.
Eyni zamanda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı isə 26,8 faiz artıb.

Lakin bununla belə ölkədə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial var.

«Qeyri-neft sektoru Azərbaycan hökumətinin 2010-cu illərdən sonra inkişafına əsas diqqət yetirdiyi istiqamətdir. Biz, demək olar ki, əsas boru-qaz xətlərini çəkmişik, əsas ehtiyatların istismarı üzrə də müqavilələri bağlamışıq. Neft sektorunda inkişafın təxmini həlli bəllidir, istiqamətlər bəllidir. Azərbaycan hökumətinin əsas məqsədi növbəti onilliklərdə həm alternativ enercinin inkişaf etdirilməsidir ki, ölkənin qarşısında əsas məqsəd 2030-cu ilə kimi alternativ enerci hesabına ümumi enerci istehlakının 30 faizini təmin elməkdir. Üstəgəl, iqtisadiyyatda əsas drayveri qeyri-neft sektoruna çevirməkdir. Hökumətin qarşısında duran əsas orta müddətli dönəmdə çağırış ondan ibarətdir ki, qeyri-neft sektorundan büdcəyə daxil olan vergilərlə büdcənin cari xərclərini maliyyələşdirmək imkanı olsun», - Xalid Kərimli deyib.

Əslində, 2021-ci il qeyri-neft sektorundan vergi daxil olmalarının yüksək artım templəri ilə yadda qalan oldu. Mikayıl Cabbarov sosial şəbəkə platformasında bu məqama da xüsusilə toxunub.

Nazirin paylaşımında diqqəti ən çox cəlb edən məqam ictimai iaşədən vergi daxiolmaların artım templərinin 84,1 faizə qədər qalxması olub. Pərakəndə ticarətdən isə vergilər 53,7 faiz çox olub.
Həmçinin qeyri-neft sənayesindən vergi daxilolmaları 29,3 faiz və xidmət sektorundan vergi daxilolmaları 19,7 faiz artıb.
Bütün növ vergilərin artması həm vergi nəzarətinin güclənməsindən, həm də qeyri-neft sektorunun özünün böyüməsindən xəbər verir: Əlavə dəyər vergisi üzrə daxilolmalar 17 faiz, aksizlər üzrə daxilolmalar 25 faiz, mənfəət vergisi üzrə daxiolmalar isə 16,3 faiz artıb.

Bununla yanaşı Xalid Kərimli hesab edir ki, bu sahədə hələ də böyük potensial var:

«Vergilərin daxil olması üzrə 2021-ci ildə pozitiv meyllər hiss olundu. Pandemiya karantinlərinə baxmayaraq, plandan daha çox vergilər toplandı. Ancaq burda da potensial qalmaqdadır. Həm 2021-ci ilin büdcəsində biz bu artım faizini görürük, iqtisadiyyatdan daha çox vergilər toplanacaq. Burada əsas məqsəd vergiləri iqtisadiyyatın böyüməsi hesabına doldurmaq, həm də şəffaflığın artırılması hesabına doldurmaqdır. Vergilər Məcəlləsində nəzərdə tutulan dəyişikliklər, nağdsız hesablaşmalarda nəzərdə tutulan dəyişikliklər 2022-ci ildə iqtisadiyyatın şəffalaşdırılmasının davam edəcəyini göstərir. Bu da həm vergilərin, həm də gömrük yığımlarının həcmini artıracaq».

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatlarda diqqəti ən çox cəlb edən məqam onlayn kassa aparatları ilə ödənişlərin artmasıdır. 2021-ci ildə onlayn kassa aparatları ilə ödənişlər əvvəlki ilə nisbətən 1,8 dəfə artaraq 15,6 miyard manata çatıb.

Yəni, Dövlət Vergi Xidməti tərəfindən şəffaflığın artırılması üçün xüsusi infrastruktur qurulur ki, bu, ticarət dövriyyəsinə onlyan rejimdə nəzarət imkanı yaradır.

Lakin bununla belə, xidmət tərəfindən aparılan səyyar yoxlamaların sayı 4,5 dəfə azalıb. Xidmət biznes qurumlarının vergilər könüllülük prinsipi əsasında ödəməsinə üstünlük verir. Təsadüfi deyil ki, 2021-ci ildə qeyri - neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 faizə yaxınlaşıb.

Bu göstərir ki, Dövlət Vergi Xidməti ilə yanaşı iş adamları da dövlət quruculuğunda vergilərin ən vacib elementlərdən biri olduğunu anlayırlar. Bu isə Azərbaycanda həm iqtisadiyyatın, həm də dövlətçiliyin dayanıqlıq dərəcəsini artıdığını göstərir.

Mənbə: www.realtv.az