“Bu şəxslərə əlavə maaş ödənilməlidir” - Mühüm açıqlama

“Bu şəxslərə əlavə maaş ödənilməlidir” - Mühüm açıqlama

Qanunvericilikdə işçinin gündəlik iş vaxtı 8 saatdan çox ola bilməz. Bununla yanaşı əmək məcəlləsində qeyd olunur ki, işəgötürənin əmri və işçinin razılığı ilə o, iş günündən artıq işlədilə bilər. Qanunun 165-ci maddəsinə əsasən işəgötürən çalışanı əlavə işə cəlb edirsə, bu zaman ona maaş da ödəməlidir.

Bu barədə baş müfəttiş Mehman Abdullayev açıqlama verib:

“Əgər işçi 5 günlük iş həftəsində çalışacaqsa, gündəlik iş vaxtının müddəti 8, həftəlik isə 40 saatdan artıq ola bilməz. 6 günlük iş həftəsidirsə, bu, gündəlik 7, həftəlik isə 40 saatdan çox olmamalıdır. Natamam iş vaxtı müəyyən edilirsə, işçi işəgötürən şəxsdən əməkhaqqını çalışdığı vaxta mütənasib olaraq alacaq. Natamam iş vaxtında müəyyən olunmuş saatlardan sonra yalnız işçinin razılığı ilə və qanunvericilikdə müəyyən olunmuş həddə o, iş vaxtından əlavə çalışa bilər.

Əlavə iş vaxtı üçün ödənilən məbləğ qanunda nəzərdə tutulan vəsaitdən az ola bilməz. Həmçinin, özəl müəssisələrin əməkdaşını bayram günləri işlətməsi yol verilməzdir. Bu bütün müəssisələrə aiddir. Əmək qanunvericiliyində iş vaxtı məsələlərinə hər hansı bir ayrıseçkilik yoxdur. Əlavə vaxt üçün əməkhaqqının ödənilməsi 2 qat məbləğdən aşağı olmamaq şərti ilə ödənilməlidir. Razılığı olmadan əlavə işə cəlb edilən və həmin günlər üçün ödəniş almayan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Qanunvericiliyin tələblərini pozanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunurlar”.

Mənbə: yenisabah.az