20 Yanvar ərazisində sərnişindaşıma özbaşınalığı - FOTO

Bakının müxtəlif ərazilərində qanunsuz sərnişindaşıma fəaliyyətinin günbəgün artması narahatlıq doğurur.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, səhər və axşam saatlarında sərnişin axınının yüksək olduğu vaxtlar paytaxtın bir çox hissələrində qanunsuz fəaliyyət göstərən sərnişin avtobusları peyda olur.

Belə ki, bir çoxu fiziki şəxslərə, bəziləri isə özəl şirkətlərə, xüsusilə turizm sahəsində fəaliyyət göstərən firmalara məxsus avtobuslar qanuni fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin işinə maneə yaradır. Bu hala ən çox paytaxtın 20 Yanvar dairəsi adlanan hissəsindəki dayanacaqlarda (Xırdalan, Müşfiqabad istiqamətləri)rast gəlinir. Dayanacaqları zəbt edən, qanuni fəaliyyət göstərən marşrut xətlərinin fəaliyyətini zədələyən kiçik və ortatutumlu avtobusların sərnişindaşımanın keyfiyyətini və müntəzəmliyini pozmaqla yanaşı insanların həyatına da risklər yaradır. Hər hansı tibbi müayinədən keçməyən, vergiyə cəlb edilməyən, tamamilə özbaşına fəaliyyət göstərən bu nəqliyyat vasitələrinin qanunsuz fəaliyyəti ilə bağlı dəfələrlə daşıyıcı şirkətlər tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət edilsə də, heç bir tədbir görülmür.

Özəl şirkətlər həmçinin qeyd edirlər ki, qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən kiçik və ortatumlu avtobusların sürücüləri bəzi hallarda ödəmə aparatlarına müdaxilə edərək cihazlarda nasazlıq yaradırlar və insanların kartlarına pul yükləməsinə maneə yaradaraq sərnişinləri nağd işləyən öz nəqliyyat vasitələrinə yönəldirlər.

Nəqliyyat üzrə tanınmış ekspert Elməddin Muradlı bildirib ki, qeyri-qanuni sərnişindaşıma fəaliyyətinə göz yumulması qanuni işləyən, bu sahəyə investisiya qoyan şirkətlərin maraqlarına böyük zərbə vurur: "Çox təəssüf ki, belə hallar var və artır. Aidiyyəti qurumlar məsələni mütləq nəzarətə götürməlidir. Burada söhbət həm də minlərlə insanın taleyindən, onların təhlükəsiz daşınmasından gedir".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

SONRAKI XƏBƏR

Rusiya və İran neft-qaz avadanlığı zavodu aça bilər