Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Vaxt açıqlandı

İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.

“İki sahil” xəbər verir ki, bunu Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

O xatırladıb ki, bununla bağlı iki ölkə arasından bir müddət əvvəl müvafiq anlaşma memorandumu imzalanıb.

“Biz bu gün İranın yol və şəhərsalma naziri ilə avtomobil yolu körpülərinin tikintisini və maliyyələşdirilməsi məsələsini, eyni zamanda, layihələrin texniki detallarının layihələndirilməsinin başa çatdırılmasını müzakirə etdik.

Düşünürük ki, bir il ərzində avtomobil körpülərini tikib istifadəyə verə bilərik”.

Şahin Mustafayev qeyd edib ki, dəmir yolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar: “Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaq”.

Şahin Mustafayev vurğulayıb ki, İran və Azərbaycan arasında əməkdaşlıq genişdir: “Əməkdaşlıq nəqliyyat, tranzit, enerji, neft, qaz və investisiya sahələrini əhatə edir. Bu sırada nəqliyyat və tranzit sahələri ən prioritet sahələrdən biridir. Bizim bu sahədə çox uğurlu əməkdaşlığımız var. Təkcə onu qeyd edim ki, avtomobil daşımalarının həcmi 2021-ci ilin ilk 3 ayında keçən ilin həmin dövrü ilə müqayisədə 70 faiz artıb. Bu sahədə çox böyük potensial görürük və bir sıra layihələri müzakirə etdik”.

Baş nazirin müavini Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: “Astarada dəmir yol yük terminalının bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq”.

Faktor.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan-Litva biznes forumu işini müzakirələrlə davam etdirib

SONRAKI XƏBƏR

Rusiyalı MMA döyüşçüsü: "Rinqdə Nəriman Abbasovu parçalayacağam"