Aİ bərpa olunan enerjinin payını 2030-cu ilədək 45 faizə qədər artırmağı hədəfləyir

Aİ bərpa olunan enerjinin payını 2030-cu ilədək 45 faizə qədər artırmağı hədəfləyir<span class="qirmizi"></span>

 

Bakı, 18 may, AZƏRTAC

Avropa İttifaqı RepowerEU energetika sektorunun islahatları üzrə plan çərçivəsində Rusiyanın enerji ehtiyatlarından asılılığı aradan qaldırmaq üçün ümumi istehlakda bərpa olunan enerjinin payını 2030-cu ilədək 45 faizə qədər artırmağı hədəfləyir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib. Bundan əvvəl bərpa olunan enerji üzrə 2030-cu ilədək qarşıya qoyulan hədəf 40 faiz idi.

“Rusiyanın enerji ehtiyatlarından imtina etməyin mərhələlərindən biri bərpa olunan enerjinin payını artırmaq olmalıdır... Əgər əvvəl hədəf 40 faiz idisə, indi biz onu 45 faizə qaldırırıq”, - deyə o bildirib.

Bunun üçün 2025-2029-cu illərdə yaşayış sektoru və ictimai binalar üçün bərpa olunan enerji mənbələri quraşdırılmasını mərhələli şəkildə tətbiq etmək planlaşdırılır. Həmçinin bərpa olunan enerji generasiyasını quraşdırmağa icazə alınmasını xeyli asanlaşdırmaq və sürətləndirmək nəzərdə tutulur.

Avropa İttifaqı statistika xidmətinin (Eurostat) məlumatına görə, 2019-cu ildə Aİ-nin ümumi enerji istehlakında bərpa olunan enerjinin payı 19,7 faiz təşkil edib. 2020-ci ildə isə Avropa İttifaqının hədəfi 20 faiz olub.

 

 

Mənbə: azertag.az