Dollar dünya valyutalarını yenə sıxışdırır, manat mövqeyini qoruyur

Dünya iqtisadiyyatı getdikcə daha böyük problemlər məngənəsinə yuvarlanmaqdadır. Bu fonda daha bir ciddi çətinlik qiymətlərin sürətli artımıdır. İndi hətta inkişaf etmiş ölkələr belə inflyasiyadan ciddi əziyyət çəkir. ABŞ və Avropada qiymət artımları son 50 ilin rekordlarını qırır.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel indiki halda dünyanın yeni qorxulu iqtisadi böhran ərəfəsində olduğunu qeyd edir: "Biz qlobal iqtisadiyyatın nəticələrindən son dərəcə narahatıq. Elektrik enerjisi və ərzaq böhranı da daxil olmaqla dərin iqtisadi böhranla qarşı-qarşıyayıq". İndiki halda Qərb ölkələri, o cümlədən ABŞ inflyasiyanı cilovlamaq üçün bahalı pul siyasətinə üstünlük verir. Bu fonda ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell “The Wall Street Journal”ın təşkil etdiyi tədbirdə pul siyasəti ilə bağlı mühüm açıqlamalar verib. İnflyasiyanın azaldılması üçün alətlərə və əzmkarlığa sahib olduqlarını vurğulayan Pauell qeyd edib: "İnflyasiyanın aydın və inandırıcı şəkildə aşağı düşdüyünü görməliyik və bunu görənə qədər çalışmağa davam edəcəyik. Əgər bunu görməsək, daha aqressiv hərəkət etməyi düşünməli olacağıq". O, aqressiv hərəkət deyərkən dolların daha da bahalaşdırılmasını nəzərdə tutduqlarını bildirib. Federal Ehtiyat Sisteminin son iclasında faiz dərəcələrini 0,5 bənd artırdılarını və faiz artımının davam etdirilməsinin məqsədəuyğun olacağını düşündüklərinə diqqət çəkən Pauell, növbəti iki yığıncaqda faiz dərəcələrinin daha 0,5 bənd artırılması niyyətlərinin olduğunu qeyd edib. Bu fonda dollar əksər dünya valyutaları, o cümlədən avroya nisbətdə bahalaşır. Burada bir məqamı da qeyd edək ki, Qərbin Rusiya iqtisadiyyatına qarşı sanksiyaları artıq Avropa iqtisadiyyatına mənfi təsir göstərir. Ona görə də bütün dünyada, o cümlədən Azərbaycanda avro ucuzlaşır. Əslində, Azərbaycan manatı dollara bağlanıb. Əgər avro dollara nisbətən ucuzlaşırsa, Azərbaycan manatına nisbətən ucuzlaşmağa davam edəcək. Avronun dəyərini itirməsi indi birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə davam etdikcə avro ucuzlaşacaq. Hətta fikirlər səslənir ki, Rusiya-Ukrayna müharibəsi bu ilin sonuna qədər davam edərsə, dollar avrodan da bahalaşa bilər. Bununla avro ölkəmizdə də xeyli ucuzlaşa bilər.

Bir mühüm məqamı da qeyd edək ki, dolalrın indiki bahalaşması ABŞ-da və dünyada inflyasiyanın qarşısını almır. Məsələn, məlumdur ki, ABŞ dolları dünyanın bir sıra aparıcı valyutalarına nəzərən bahalaşanda əvvəllər əsas xammal məhsullarının qiymətləri düşürdü, indi isə belə deyil. Bu fonda xatırladaq ki, neftin qiyməti yüksək olanda həmişə ABŞ dolları aşağı dəyərdə olurdu. Əksinə olduqda isə dollar qalxırdı. Yəni ABŞ neftin dünya bazar qiymətlərinə illər öncə dolların kursu ilə də təsir göstərə və onu idarə edə bilirdi. Federal Ehtiyatlar Sistemi mərkəzi uçot dərəcəsini qaldırmaqla dünya neft bazarlarında qiymətlər enir, aşağı salmaqla isə bahalaşırdı. Hazırda isə tamamilə fərqli mənzərə hökm sürür. Belə ki, Amerika valyutası məzənnə baxımından 2002-ci ildən bəri ilk dəfə olaraq ən yüksək hədd nümayiş etdirsə də neft də kifayət qədər bahadır və bahalaşmaqda da davam edir. Halbuki Federal Ehtiyatlar Sistemi pul vəsaitləri üzrə uçot dərəcəsini 0,75-1 faiz aralığında təşkil edir. Qarşıdakı günlərdə bu göstərici 1,25-1-5 faiz aralığına çatdırılacaq. Lakin bu hal inflyasiyanı cilovlamır. Sadəcə dolalr bir çox ölkələrin valyutalarına nisbətdə bahalaşır. Qonşularımızdan Türkiyə, İran, Gürcüstan və Ermənistanda da bu hal qabarıq hiss edilir. Azərbaycanda isə manat hələ da sabitdir. Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək. Ölkəmizin dünya bazarında satdığı “Azeri Light” markalı neftin 1 barrelinin qiyməti artıq 123 dollara çatır. Neftin satış qiymətləri Azərbaycana cari ilin ötən dövründə proqnozlaşdırıldığından daha çox valyutanın daxil olmasına səbəb olub. Təbii qazın satış qiymətləri də bu il ərzində yüksələn xətt üzrə inkişaf edir və Azərbaycana daxil olan xarici valyutanın həcminin artımına əhəmiyyətli dərəcədə təsir göstərir. Enerji resursları ilə yanaşı, qeyri-neft sektoru üzrə də ixrac artımı Azərbaycana daxil olan valyutanın həcmini yüksəldən əsas mənbələr sırasında yer alır. Yüksək enerji qiymətləri, qeyri-neft sektoru üzrə ixracda artım xarici ticarətdə müsbət saldo göstəricisinin kəskin şəkildə yüksəlməsi ilə müşayiət edilir. Enerji və qeyri-neft sektorunda ixrac vəziyyəti, ölkəyə daxil olan valyutanın həcmi manatın məzənnəsinin kifayət qədər dayanıqlı olmasına əsas yaradır. Bundan başqa, ölkəmizdə dövlət borcunun səviyyəsi məqbul həddədir, tədiyyə balansı profisitlidir, iqtisadi artımın sürətli bərpası qeydə alınır. Bu kimi amillər də manatın məzənnəsinə müsbət təsir edir. Qeyd edilənlər manatın sabitliyini bundan sonra da qoruyacağını deməyə əsas verir.

Tahir TAĞIYEV

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Baş nazir meydançada uşağın üstünə yıxıldı

SONRAKI XƏBƏR

Gürcüstanda azərbaycanlının intiharı ilə bağlı istintaqa başlanılıb