Problemli kreditlərə görə bank müştərilərinə işgəncə verən qoçu dəstələri yenidən qayıdır...

Problemli kreditlərə görə bank müştərilərinə işgəncə verən qoçu dəstələri yenidən qayıdır...<span class="qirmizi"></span>

Rəsul Cahangirli: “İndi banklar kreditləri necə gəldi verməklə, əhalini əvvəlki vəziyyətə salmaq istəyirlər”

Banklardakı vakansiyaların bir qismi problemli kreditləri toplamaq üçün lazım olan işçilərdir. Bunu elanlardan açıq görmək olur.

Məsələn, borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq, borcun ödənilməsinə nəzarət etmək. Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək. Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək. Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək. Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq. Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi. Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi. Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi.

Belə görünür ki, bir vaxtlar banklarla müştərilər arasında yaşanan konfliktlər yenidən təkrarlanacaq. Çünki sözügedən işçilər bir növ əvvəllər qoçu funksiyasını həyata keçirirdilər. Hansı müştəri kredit borcunu gecikdirirdisə, bankda bu işi görənlər telefon zəngi edib müştəriyə təzyiq göstərirdilər. Bir sıra hallarda müştəriyə fiziki zor belə tətbiq etməkdən çəkinmirdilər. Bütün bunlar qarşıdurmalara və sosial narazılıqlara səbəb olurdu. Belə məlum olur ki, həmin xoş olmayan günlər yenidən geri qayıdır.

“Bu isə bənzər problemlərin təkrarlanacağından xəbər verir”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, bankların yenidən bu metoddan istifadə etməsi ciddi problemlərin olacağından xəbər verir: “Problemin kökü ondadır ki, əvvəllər banklar, ödəmə qabiliyyəti var, yoxsa yoxdu, bunu nəzərə almadan kimə gəldi kredit verdilər. Sonra elə oldu ki, həmin kreditlərin qaytarılmasında ciddi problemlər ortaya çıxdı. Bu da zamanla ölkədə problemli kreditlərin kəskin şəkildə artmasına gətirib çıxartdı. Bax həmin dövrlərdə banklarda bu işi həyata keçirən sözügedən işçilər qeyri-qanuni olaraq müştərilərin başına oyun aşmağa başladılar. Hansı müştəri krediti gecikdirirdisə zəng edib təhdid edirdilər. Bu azmış kimi, müştərilərin əmlakına çökürdülər. Zorla problemli krediti olanın əmlakını əlindən alırdılar. Əsasən də daşınan əmlakları. Sonra elə oldu ki, dövlət problemli kreditlər məsələsini həll etdi. Pandemiya arxada qaldığı üçün iqtisadi fəallıq artıb. İndi banklar kreditləri necə gəldi verməklə, əhalini əvvəlki vəziyyətə salmaq istəyirlər. Bu isə bənzər problemlərin təkrarlanacağından xəbər verir”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com