Avropa şirkətlərinin Qarabağa marağı - VİDEO

Avropa şirkətlərinin Qarabağa marağı - VİDEO<span class="qirmizi"></span>

Azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi-ticari əlaqələrində əsas xəttə çevrilib. Bu məsələ bu günlərdə Avropa İttifaqı təmsilçilərinin iştirakı ilə Bakıda keçirilmiş iki biznes forumda - həm Avropa İttifaqı - Azərbaycan, həm də həm də Litva - Azərbaycan biznes forumlarında xüsusi vurğulanıb.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və azad edilmiş ərazilərin bərpa edilməsində bu birliyi təmsil edən biznes dairələrinin iştirakına ümidlər çoxdur. 2021-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 15 milyard dollar olub ki, bu, Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 44 faizindən çoxdur. Azərbaycanın bütün xarici ticarət dövriyyəsi 2021-ci ildə 33,9 milyard dollar olub.

Təbii ki, azad edilmiş ərazilərin bərpasında Azərbaycan bu ən iri ticarət tərəfdaşını təmsil edən biznes dairələrindən təkliflər gözləyir və Avropa İttifaqı - Azərbaycan biznes forumunda iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bu məsələyə xüsusi diqqət yetirib.

«Bizim iqtisadi inkişafın lokomotivlərindən biri, eləcə də bizim milli qürur mənbəyimiz olan məhz işğaldan azad edilmiş zonalara, ərazilərə təkrar inteqrasiya, insanların qayıtması və iqtisadi quruculuq işləridir ki, mənim fikrimcə, bu, çox uğurlu bir siyasətdir. Öz növbəsində o ərazilərdə yeni infrastrukturun qurulmasına töhfə verib. Enerji təchizatına, yol tikintisi və hava limanları. Bildiyiniz kimi, biri bu il, biri də gələn il olacaq. Biz həmçinin iki sənaye parklarını - Ağdam sənaye parkını və eləcə də, həmçinin iqtisadi zona olaraq parkı yaratmışıq ki, bizi biri konkret olaraq sənaye - qeyri-neft hasilatı, digəri isə konkret olaraq, nəqliyyat və logistika infrastrukturuna töhfə verəcək. Nəqliyyat və logistika infrastrukturu da, mənim növbəti danışmaq istədiyim məqamdır ki, bizim əsas iqtisadi münasibətlərimizin, Avropa İttifaqının əsas postulatlarının biri, əslində, enerjidir və nəqliyyat əlaqələridir. Budur əsas qayəsi iqtisadi münasibətlərin»

Mikayıl Cabbarov azad edilmiş ərazilərin beynəlxalq yük daşımalarında oynayacağı roldan da bəhs edib. Azad edilmiş ərazilərdən keçən və Zəngəzur dəhlizi ilə Türkiyəyə və Avropa ölkələrinə uzanan nəqliyyat dəhlizi Çindən yük daşımalar baxımından xüsusi əhəmiyyət kəsb edir. Ukraynada başladığı müharibə ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar quru yolu ilə yükdaşımaları dəfələrlə azaldıb ki, bu, Zəngəzur dəhlizi ilə yükdaşmaların təşkil edilməsinin əhəmiyyətini qat-qat artırıb.

«Nəqliyyat və əlaqələrə gəldikdə, biz nə deyə bilərik? Bizim geosiyasi regional inkişafın fövqündə Azərbaycanın əhəmiyəti, regional əhəmiyyəti və beləliklə, Azərbaycanın nəqliyyat əlaqələri ki, biz onu orta dəhliz kimi xitab edirik ki, Xəzər dənizindən, Qara dənizdən gedən yoldur, daha da ziyadə, qarşı istiqamətdə olan ölkələr, Avropa İttifaqının da layihələri, həmçinin bu ifrastrukturun bir hissəsi olaraq, xüsusilə də biz, Ələt limanına, Ələt limanı fəaliyyətləri orada həyata keçirilməkdədir. Bələliklə, bu, özü başqa bir mühüm fəaliyyət sahəsidir ki, bir sıra investorlar belə düşünürəm ki, kifayət qədər bu fəaliyyətlərin həyata keçirilməsi üçün dəyər verirlər. Verilən zəmanətlərdən ən yaxşısı onların ölkədə qalıb biznesini davam etdirməsidir. Odur ki, biz sadəcə biznesin payımı deyək, yaxud konkret olaraq bizim ölkədə iştirakı deyil, əslində biznesin payı - konkret olaraq Azərbaycanda işğaldan azad edilmiş zonalarda biznesdə maraqlı olmalarını qeyd etmək lazımdır ki, orada dağıdılmış infrastruktura toxunmaq lazımdır. Biznes üçün müasir infrastrukturla yanaşı, biz söylədiyimiz kimi şəhərlər, öz kəndlərindən didərgin düşmüş insanlar öz gələcəklərinə inanırdılar və siz də bu gələcəyin bir parçasısınız».

İlkin araşdırmalar göstərir ki, Avropa İttifaqını təmsil edən biznes qurumları Azərbaycanın azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıdırlar. Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Avropa İttifaqı - Azərbaycan biznes forumunda təqdim edilən hesabatda da görmək olur. «Avropa İttifaqı Biznes Mühiti Hesabatı 2021» adlı hesabata əsasən, ölkəmizdə təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək niyyətindədir. Onların 53 faizi ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Aydın olub ki, Avropa İttifaqı ölkələri şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar.

Azad edilmiş əraziləri təmsil edən millət vəkili Vüqar Bayramov REAL TV-yə müsahibəsində bildirib ki, Azərbaycan hökuməti Avropa şirkətlərini işğaldan azad edilmiş ərazilərə cəlb etmək üçün qısa müddətdə çox iş görüb.

«Sorğuda iştirak edən şirkətlərin hər ikisindən biri Qarabağa və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır...bu da təbii ki, həmin şirkətlər üçün istehsal etdikləri məhsulları daha geniş bazara çıxarmaq baxımından vacibdir».

Millət vəkili deyir ki, Avropa şirkətlərinin sərmayələri ölkəyə həm texnologiyaların, həm də innovasiyaların gətirilməsi baxımından çox vacibdir.

«İnkişaf etmiş ölkələri təmsil edən şirkətlər investisiya edən zaman, bu, sadəcə, bir pul vəsaitinin yönəldilməsi deyil, həm də texnologiyanın transferidir, biliklərin transferidir...Avropa şirkətləri ilə əməkdaşlıq həmin ərazilərimizin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına daha tez reinteqrasiyasına imkan yaradacaq».

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qazanılan müasir iqtisadi təcrübənin Azərbaycanın digər bölgələrində də yayılmasına imkan yaranacaq.

Nəticədə Azərbaycanda regionların proporsional inkişafı təmin ediləcək ki, bu, deurbanizasiyanı şərtləndirən post-neft dövrü üçün çox vacibdir. Azərbaycanın bütün ərazilərində infrastrukturun inkişafı daxili miqrasiyanın istiqamətini Abşerondan regionlara doğru dəyişəcək ki, bu da bir çox sosial problemləri, o cümlədən mənzil, yeni iş yerləri və s. kimi problemləri daha rahat həll etməyə imkan verəcək. Ən əsası isə ərzaq təchizatında idxaldan asılılığı azaldacaq, çünki regionlara dönən əhali istər-istəməz bölgələrdə yeni tələb yaradacaq və aqrar istehsalın, o cümlədən ərzaq istehsalının artımına səbəb olacaq.

Mənbə: www.realtv.az