Türk lirəsi yenidən ucuzlaşır: Manatla bağlı vəziyyət... - İqtisadçı

 

Bu gün səhər saatlarında Dollar/TL məzənnəsi 1,1% artımla 16,1068 türk lirəsi olub. 2022-ci ilin əvvəlindən bəri məzənnədə artım 20 faizi aşıb, başqa sözlə, türk lirəsi 20% dəyərdən düşüb.

Qlobal bazarlarda dolların bahalaşması müşahidə olunub.

İqtisadçı-alim Fuad İbrahimov TL-nin dəyərdən düşməsinin səbəblərini Teleqraf.com-a şərh edib.

O bildirib ki, lirənin dəyər itirməsinə səbəb olan amil uçot dərəcələrinin azaldılmasıdır: “Doğrudur, son dövrlərdə uçot dərəcələrinin ucuzlaşması siyasətini dayandırılmışdı, amma hökumətin ümumi siyasəti uçot dərəcələrinin sıfır olmasından ibarətdir. Bu da öz növbəsində milli valyutanın ucuzlaşmasına səbəb olan alətlərdən biridir. Nəzərə almaq lazımdır ki, hazırda ABŞ dolları avro, funt-sterlinq və digər aparıcı valyutalara qarşı möhkəmlənir. Əlbəttə, belə olan halda üzən məzənnə rejiminə uyğun olaraq lirənin ucuzlaşma prosesi davam edir”.

İqtisadçı manatla bağlı vəziyyətin fərqli olduğuna diqqət çəkib: “Məlumdur ki, 2015-ci ildən manat konkret məzənnə tətbiq olunmaqla idarə olunur. Bu sistem səbəbindən də manatın məzənnəsi sabit olaraq qalır. Ümumiyyətlə, hazırda valyutanın məzənnəsini formalaşdıran amillər manatın xeyrinədir.

İstər idxal-ixrac əməliyyatları arasında olan müsbət balans, istərsə də dövlət büdcəsində nəzərdə tutulmuş neft qiymətlərinin çox diversifikasiya olunmuş səviyyədə götürülməsi və ümumi makroiqtisadi vəziyyət manatın dayanıqlığı haqda müsbət fikir söyləməyə imkan verir. Bu göstəricilərə nəzər salanda manatın məzənnəsinə hər hansı təzyiqin olmadığını demək olar”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Hotellərin ulduzları göstərdikləri xidmətin keyfiyyətini doğruldur? - VİDEO

SONRAKI XƏBƏR

Bakının mərkəzindəki ippodrom niyə təmir edilmir? - Video