Rüstəm Qasemi: İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

Rüstəm Qasemi: İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir<span class="qirmizi"></span>

Prezident İbrahim Rəisinin göstərişinə əsasən, qarşıdakı 20 gün müddətində İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək körpülərin tikintisinə başlanacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. O bildirib ki, inşa ediləcək körpülər və kommunikasiya xətləri hər iki dövlətin milli maraqlarını əks etdirir. Bu infrastruktur layihələr təkcə İran ilə Azərbaycanın deyil, regiondakı bütün dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək.

Nazir nəzərə çatdırıb ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb və İran ilə Azərbaycanın iqtisadi əməkdaşlığına müsbət təsir göstərib. Hazırda Qarabağda birgə sənaye və istehsal məhsullarının istehsalı üçün birgə müəssisələrin yaradılması istiqamətində danışıqlar aparılır. İranın iş adamları və şirkətlər Qarabağın bərpasında iştirak edəcəklər. İran şirkətləri Qarabağa sərmayə yatırmaqla yanaşı, məktəb, xəstəxana və digər ictimai xarakterli binaların tikintisində iştirak edəcəklər. İşğaldan azad olunan Azərbaycan rayonları İran sərhədində yerləşir və burada yaradılacaq birgə müəssisələr qarşılıqlı əlaqələrin inkişafına təkan verməklə yanaşı, sərhədyanı regionların sosial-iqtisadi inkişafını da təmin edəcək.

Rüstəm Qasemi bildirib ki, İran ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq əlaqələri yalnız işğaldan azad olunan ərazilərdə birgə müəssisə yaratmaqla məhdudlaşmır. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da iştirak edir. Bu dəhlizə aid olan avtomobil, dəniz və dəmir yolları İran və Azərbaycan ərazisindən keçir ki, bu da tranzit sahəsində əməkdaşlığın artmasını şərtləndirir. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər tez və təhlükəsiz şəkildə iki qonşu və dost dövlətin ərazisindən keçməklə onlara əlavə valyuta gəliri gətirəcək.

Rüstəm Qasemi İran və Azərbaycan prezidentlərinin Aşqabad görüşünə toxunaraq qeyd edib ki, bu görüş münasibətlərimizdə yeni səhifə açıb. Həmin görüş çərçivəsində Türkmənistan qazının İran ərazisindən tranzit keçməklə Azərbaycana çatdırılması perspektivdə əlaqələrin uğurlu olacağından xəbər verir.

Nazirin sözlərinə görə, hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin intensiv xarakter alması da əlaqələrin güclənməsi üçün faydalıdır. Səfərlər zamanı bütün məsələlər müzakirə olunur və meydana çıxan problemlər həllini tapır.

Bu gün İran üçün yaxın qonşuları ilə əlaqələri inkişaf etdirmək prioritet istiqamətdir. İran bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Gələcək üçün yeni layihələr və planlar hazırlanır ki, dostluq və qardaşlıq münasibətlərimiz daha da inkişaf etsin.

Mənbə: azertag.az