173 milyon manat mənfəətin 144-ü 5 bankın payına düşürsə - qalan 21 bankımız kimin nəyinə lazımdır...

173 milyon manat mənfəətin 144-ü 5 bankın payına düşürsə  - qalan 21 bankımız kimin nəyinə lazımdır...<span class="qirmizi"></span>

Rəsul Cahangirli: “Bunların adı bank olsa da, fəaliyyətləri və göstərdiyi xidmətlər çox məhduddur”

Azərbaycanda fəaliyyət göstərən 26 bankın bu ilin 1-ci rübündə əldə etdiyi 173,3 milyon manatlıq xalis mənfəətin 83,5 faizi və ya 144,8 milyon manatı 5 bankın - Kapital Bankın, Azərbaycan Beynəlxalq Bankının, Paşa Bankın, Bank of Baku-nın, Xalq Bankın payına düşüb.

Göründüyü kimi, yerdə qalan 21 bank faktiki olaraq yerində sayır. Çünki sayları adları çəkilən 5 bankdan 4 dəfə çox olsa da, gəlirləri əhəmiyyətli dərəcədə azdır. Bu isə həmin bankların səmərəsiz fəaliyyət göstərməsindən xəbər verir. Çünki həmin bankların işi ancaq yüksək faizlə kredit təklif etməkdir. Yüksək faiz hesabına daha çox qazanc əldə etmək. Sözügedən bankların siyasəti bunun üzərində qurulub. Ancaq görünən odur ki, bu da onları xilsas etmir. Çünki cəmiyyət yüksək bank kreditlərindən narazıdır.

Bütün hallarda 21 bankın xalis mənfəəti əhəmiyyətli dərəcədə azdırsa, o zaman həmin bankların varlığı nəyə lazımdır?

“Problem ondadır ki, Azərbaycanda bankların bir çoxu böyük holdinqlərin kassası funksiyasını həyata keçirir”

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, belə vəziyyətin yaranması bir sıra amillərdən irəli gəlir: “Əvvəla, ölkədə 26 bank olsa da, bu o demək deyil ki, onların hamısı bank fəaliyyəti ilə məşğuldur. Əfsuslar olsun ki, bu heç də belə deyil. Problem ondadır ki, Azərbaycanda bankların bir çoxu böyük holdinqlərin kassası funksiyasını həyata keçirir. Yəni iri şirkətlər maliyyə əməliyyatlarını onlara yaxın olan banklar vasitəsilə həyata keçirir. Bunların adı bank olsa da, fəaliyyətləri və göstərdiyi xidmətlər çox məhduddur. Əhali həmin bankların xidmətlərindən demək olar istifadə etmir. Kredit verilməsinə gəldikdə isə, bundan heç danışmağa dəyməz. Ona görə ki, kredit vermirlər. Nə biznes, nə də istehlak krediti. Üstəlik, müştərilərə digər xidmətlər də təklif etmirlər. Aydın məsələdir ki, belə olduğu halda xalis mənfəətin az olması qaçılmazdır. Bir məqamı qeyd edim ki, əvvəl Azərbaycanda bankların sayı 43 idi. Məlum səbəblərdən bankların sayı azaldı. Ancaq belə görünür ki, 26 bank da bu ölkə üçün çoxdur. Onu da qeyd edim ki, Azərbaycanda bankların ucuz kredit resurslarına çıxışı məhduddur. Xarici bankların Azərbaycanda fəaliyyətinə şərait yaradılsa, maliyyə-bank sektorunda əhəmiyyətli dəyişikliklər olacaq”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com