Azərbaycan mallarından vergi tutulacaq – İrəvan

Azərbaycan mallarından vergi tutulacaq –   <span class="qirmizi">İrəvan</span>

Ermənistan ərazisindən Naxçıvana gedən Azərbaycan mallarına vergi tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Birmənalı olaraq sərhəd nəzarəti olacaq. Dəfələrlə demişik ki, Ermənistandan keçən yolu dəhliz saymırıq. Bizim siyasətimiz olduğu kimi qalır. Mövqelərimizin yaxınlaşdığını bəyan edəndə demək istəyirik ki, biz sərhəd nəzarətinin olması yolunu tutmuşuq”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, nəqliyyatın açılması həm Moskvada, həm də Brüsseldə müzakirə olunub:

“Azərbaycan uzun müddətdir ki, dəhlizin müzakirə olunduğunu deyir, lakin ötən il noyabrın 6-da Rusiya Baş nazirinin müavini bildirib ki, dəhliz məntiqində heç bir məsələ müzakirə olunmur. Brüssel danışıqlarında da eyni hadisə baş verdi. Bakı dəhliz məsələsinin müzakirə olunduğunu deyəndə, Şarl Mişel heç bir dəhlizin müzakirə olunmadığını bildirdi”.

Qriqoryan qeyd edib ki, Azərbaycan mallarının Ermənistan ərazisindən tranziti zamanı müvafiq vergitutma tətbiq ediləcək:

“Əgər Ermənistan ərazisi İrandan Gürcüstana hər hansı malın getməsi üçün istifadə olunursa, bu, gömrük rəsmiləşdirilməsi deyil, başqa vergi növüdür. Təbii ki, Azərbaycanın timsalında da vergi növləri tətbiq olunacaq”.

Mənbə: axar.az