Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? - Kim hansı qiymətə istəyir satır

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? - Kim hansı qiymətə istəyir satır<span class="qirmizi"></span>

Son zamanlar siqaret çəkənlər bəzi növ siqaretləri tapa bilməməkdən şikayətlənirlər. Qeyd edilir ki, əsasən iri ticarət mərkəzləri və böyük marketlərdə brend növ siqaretlər tapılmır. Həmin siqaretlər isə köşklərdə daha baha qiymətlərə satılır.

Bəs siqaret qıtlığı və qiymətlərinin bəzi yerlədə daha baha olmasına səbəblər nələrdir?
İqtisadçı-ekspert Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.

O, qeyd edib ki, siqaret qiymətləri tənzimlənən qiymət olmadığı üçün süni qiymət artımının qarşısını almaq olmur:

"Siqaretin qiyməti tənzimlənən qiymət deyil. Burada aksizlər əlavə etməklə siqaretin qiymətini bahalaşdırırlar. Bu cür halların qarşısını almaq üçün bazar mexanizmi yoxdur. Yəni, sadə dillə desək, bazarda kiməsə demək olmaz ki, sən bu siqareti niyə bu qiymətə satırsan? Çünki bu qiymətlər tənzimlənmir. Bazarın siqaret seqmentində monopoliya olduğuna görə, bütün yerlərdə siqaret həmişə eyni qiymətə satılmır. Siqareti, xüsusən köşklərə və digər bu kimi daha əlçatan yerlərə qoyub satırlar. Qiymətini də bahalaşdırırlar, bunu da qeyri-qanuni hal kimi qiymətləndirmək olmaz. Məsələn, buradan alma, get digər yerlərdən 10 qəpik, 20 qəpik ucuz al. Yəni, bazardır və bazarda bir malın fərqli qiymətləri ola bilir".

Ekspert bəzi brend növ siqaretlərin tapılmaması və köşklərdə baha qiymətə olması məsələsinə də aydınlıq gətirib. O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi də bu məsələyə təsir edir:

"Son zamanlar əsasən brend növ siqaretlərdən, məsələn, "Caster Winston", "Caster Sobranie" kimi siqaretlərin tapılmasında problemlər var. Ola bilər ki, bu, Rusiya-Ukrayna müharibəsi ilə də əlaqəli olsun. Yəqin ki, həmin siqaretlər Ukrayna üzərindən gətirilir. İndi gətirilməsi çətinləşib və ya daha uzaq ölkələrdən gətirilir. Ona görə də, bu, qeyd edilən siqaretlərin qiymətlərinə və qıtlığına da səbəb olur".

 

 

 

 

 

Mənbə: sonxeber.az