Gürcüstanda turizm sektorunun birillik vergi borcu silinib

Gürcüstanda turizm sektorunun birillik vergi borcu silinib<span class="qirmizi"></span>

Gürcüstanda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri 2021-ci il üzrə əmlak vergisindən azad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Hökumətin güzəştindən 1 200-dən çox vergi ödəyicisi yararlanacaq, silinən vergi öhdəliyinin həcmi isə təxminən 40 milyon lari (təqribən 13 milyon ABŞ dolları) təşkil edir.

Xidmətdən bildirilib ki, hökumətin bu qərarı COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi itkilər şəraitində kiçik və orta biznesə stimullaşdırıcı təsir göstərəcək.

Pandemiyadan öncə - 2019-cu ildə qonşu ölkədə turizm sürətlə inkişaf edirdi, beynəlxalq ziyarətçilərin sayı rekord səviyyəyə (9,3 milyon nəfərdən çox) çatmışdı. 2020-ci ildə lokdaun fonunda ziyarətçilərin sayı 1,7 milyon nəfərə qədər azalıb, 2021-ci ildə isə say 1,6 milyon nəfərə bərabər olub.

Turizmdən əldə olunan gəlirin həcmi 2019-cu ildə 3,3 milyard ABŞ dolları təşkil etdiyi halda, 2020-ci ildə bu göstərici 427,7 milyon ABŞ dolları, 2021-ci ildə isə 1,2 milyard ABŞ dolları olub.

Mənbə: report.az