Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.

Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, - Hande Harmancı bildirib.

Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

20 Yanvar körpüsünün üstündə yanğın - VİDEO

SONRAKI XƏBƏR

Füzulidə kanalda kişi meyiti aşkarlanıb