BNA bir milyon manatlıq yeni şübhəli əməliyyata başlayır, öncə quraşdırır, sonra…sövdələşmə...

BNA bir milyon manatlıq yeni şübhəli əməliyyata başlayır, öncə quraşdırır, sonra…sövdələşmə...<span class="qirmizi"></span>

Elçin Qurbanov: “Məqsədli şəkildə bunu elə yerlərə salırlar ki, ətrafdakı obyekt sahibləri onlara əlavə rüşvət verməyə məcbur olsun”

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda səki örtüklərinin və səkiətrafı qoruyucu sədlərin cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında xəbər verilir ki, tenderin qalibi “Sear Supply” MMC-dir. Qalib şirkətə 989 min manat ödəniləcək.

Bu məlumatda maraqlı olan məsələ səkiətrafı qoruyucu sədlərin təmiri üçün ayrılan vəsaitdir. İş burasındadır ki, son vaxtlar yol kənarına quraşdırılan qoruyucu dəmir sədlərlə bağlı ciddi maxinasiyalar üzə çıxıb. Şəhərin bir çox yerlərində bu dəmir sədlər quraşdırılandan qısa müddət sonra yığışdırılıb. Məsələn, bununla bağlı konkret ünvan da göstərə bilərik. Atatürk prospektindəki “İstanbul NC” klinikasının ətrafı və onunla üzbəüz olan yolun qarşı tərəfində qoruyucu dəmir sədlər quraşdırılandan bir həftə sonra söküldü. Həmin ünvanda apardığımız araşdırma zamanı məlum oldu ki, əlaqədar qurum bunu ətrafda olan ticarət və ictimai iaşə obyektlərinin sahibləri ilə sövdələşməyə gedərək söküb. Bizə izah olundu ki, müştərilərin ətrafdakı mağazalara birbaşa yoldan daxil olması üçün sahibkarlar əlavə pul xərcləyərək həmin sədləri yığışdırıblar. Belə olan təqdirdə tenderdə bu işlər üçün yenidən vəsaitin ayrılması hansı anlama gələ bilər?

Audit üzrə ekspert, iqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür qoruyucu metal sədlər yalnız və yalnız yeraltı keçidlərin olduğu ərazilərdə quraşdırıla bilər: “Başqa heç yerdə bunu edə bilməzlər. Çünki qaydalarda belə nəzərdə tutulur. Bunun əsas məqsədi qanunsuz parkinqin qarşısının alınmasıdır. Belə olan təqdirdə avtomobil sahibi qadağan olan yerdə saxlayıb, ətrafdakı mağaza və digər obyektlərə keçə bilmir. Bu, piyadaların təhlükəsizliyi üçün edilir. Bundan sui-istifadə hallarına çox rast gəlinir. Məqsədli şəkildə bunu elə yerlərə salırlar ki, ətrafdakı obyekt sahibləri onlara əlavə rüşvət verməyə məcbur olsun. Bizdə ictimai nəzarət zəif olduğu üçün belə hallar baş verir. Bu cür layihələr ictimaiyyətə açıq elan edilməlidir ki, media buna nəzarət etsin. Belə olan təqdirdə sui-istifadə hallarına yol verilməz. Sözügedən şirkətin qalib gəlməsi və onun quraşdracağı metal sədlərə gəldikdə isə, bununla bağlı satınalmalar açıq keçirilir. Buna görə də layihədə nəzərdə tutulan bütün detallar öz əksini tapır. İstənilən halda, media bu məsələyə nəzarəti gücləndirməlidir ki, belə özbaşınalıqlar olmasın”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com