Rusiya məhkəməsi Qazaxıstan neftinin ixracatını dayandırdı: Şantaj keçəcəkmi?

 

Novorossiysk Primorsk Məhkəməsi Qazaxıstan neftini tədarük edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalının Rusiyadakı fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, Qazaxıstandan ixrac olunan bütün neftin 80%-i bu terminal vasitəsilə vurulur.

Yerli nəşrlərin yazdığına görə, bu qərarı Novorossiysk Primorsk Məhkəməsi daşıma sahəsində “Rostransnadzor” tərəfindən aşkar edildiyi iddia edilən pozuntulara görə qəbul edib.

Nəzarət orqanı müəssisənin işini 3 ay dayandırmağı tələb etsə də, məhkəmə bunu cəmi 30 günlə məhdudlaşdırıb. CPC vəziyyəti şərh etməkdən imtina edib, lakin qərara etiraz etmək niyyətindədir.

Qara dənizdəki CPC neft terminalı vasitəsilə resursun böyük hissəsi Qazaxıstandan ixrac olunur (80%). Ümumi gücü ildə 67 milyon tondur, kəmər Qazaxıstanın qərbindəki və Xəzər dənizindəki neft yataqlarını birləşdirir.

Terminalın fəaliyyətinin dayandırılması nəticəsində Avropa bazarı ayda 8 milyon tona qədər neft itirəcək. Beləliklə, Rusiya Avropada enerji böhranını növbəti dəfə süni şəkildə gücləndirir.

Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi Andrey Klimenkon deyib ki, belə bir addım Rusiyanın Qazaxıstana “salam”ıdır. Bu, qazaxların Aİ bazarında Rusiya neftini əvəz etmək cəhdlərinə cavabdır.

Politoloq Cümşüd Nuriyev bildirib ki, Qazaxıstan nefti Novorossiskə gəlir və oradan daşınırdı: “Amma sonradan Qazaxıstan öz neftinin marşrutunda diversifikasiya etdi. Hazırda Aktao-Bakı limanı işləyir. Onlar nefti gətirib Bakıdan yola salırlar. Həm də Qazaxıstan nefti Rusiya neftindən daha keyfiyyətlidir. Rusiya neftinin tərkibində kükürd yüksəkdir. Qazaxıstan nefti Azərbaycan neftinə daha yaxındır. Odur ki, Qazaxıstan bunu Azərbaycan vasitəsilə Türkiyə üzərindən ötürməsi daha sərfəlidir”.

Politoloq deyib ki, hazırda Rusiya aqressivləşib: “Amma Rusiya bu xətti 30 gün deyil, 3 il bağlasa belə, Qazaxıstan nefti dünya bazarına çıxacaq. Qazaxıstanda Rusiyadan fərqli olaraq Fransa, Britaniya və ABŞ-ın böyük şirkətləri var. Onlar nefti Xəzər üzərindən çıxaracaqlar. Eyni zamanda Qazaxıstan Çinə neft ixracatını artırır. Rusiya isə sadəcə Qazaxıstana ziyan vurmaq istəyir. Məncə, Qazaxıstanın neft tədarükü bir qədər yubana bilər, amma məhsulu anbarlara vurub saxlaya biləcək. Bu yolla Rusiya Qazaxıstanı şantaj edə bilməyəcək”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

“E-manat” ödəniş sistemi ÇÖKDÜ - Pulu terminalda batan vətəndaşlardan NARAZILIQ

SONRAKI XƏBƏR

Ermənistan Zəngəzur dəhlizini də açır, Qarabağdan Azərbaycan vətəndaşlığını istəməyən erməniləri də çıxarır...