Regionların ictimai nəqliyyat problemi - Elə rayonlar var ki, ötən əsrdən qalma avtobuslar işləyir

“Ayrı- ayrı rayonların kəndlərinə marşrut təyin olunmalıdır, marşrut pasportu verilməlidir. Bundan sonra həmin avtobusun gediş vaxtı, dayanacaqları, qiyməti, tarif dərəcəsi, sərnişin axını işlənməlidir”.

Bu sözləri nəqliyyat eksperti Fərhad Eyyubov Bakupost.az -a açıqlamasında deyib.

Nəqliyyat sahəsindəki problemlərin çoxdan mövcud olduğunu bildirən ekspert bu sahədəki sahibkarların iş prinsipinə diqqət çəkib:

“Sovet dövründən sonra rayonlardakı ümumi təyinatlı nəqliyyat vasitələri tamamilə ləğv olundu, müəyyən özəl müəssisələr yarandı, avtovağzallar və s. özəlləşdirildi. Ona görə də özəl müəssisə sahibkarı bunları yerinə yetirmək üçün sərfəli yol axtarır. Yəni strateji xətt ümumi xətdən çıxır, yalnız biznes sahəsinə daxil olur. Burada həm nəqliyyat xidməti öz əhəmiyyətini göstərməlidir, həm də hərəkətin təhlükəsizliyi birmənalı şəkildə təmin olunmalıdır. Bunlara kompleks şəkildə yanaşılmalıdır. Çünki bu məsələlərdə təhlükəsizlik təmin olunmasa, xidmətdən söhbət gedə bilməz. Əgər xidmət olmasa, yanlız təhlükəsizliklə də bu məsələlər həll olunmaz.

F.Eyyubov avtobuslarda təhlükəsizlik məsələsinin vacibliyinə diqqət çəkib:

“Bir çox rayonlarda kəndlərarası və ya şəhər-kənd arası işləyən avtobuslar var. Daha çox kənd və qəsəbələrdə sınıq, anti-sanitar şəkildə fəaliyyət göstərən köhnə avtobuslara şahid oluruq. Onlar əhali üçün narahatlıq doğurur, sağlamlıqları üçün təhlükə yaradır. Həmin avtobusların fəaliyyət göstərməsi müxtəlif qəzalara, insan ölümlərinə də səbəb olur.

Elə rayonlar var ki, orada 1-2 özəl maşın və ya avtobus götürürlər. Həmin avtobus təhlükəsizlik və daşıma xidməti yararsız olduğu halda fəaliyyət göstərir. Hətta bəzən deyirlər ki, pis olsa da, avtobus var. Bəzi rayonlarda, ümumiyyətlə, avtobus yoxdur. Çox yerlərdə sərnişindaşıma minik avtomobilləri ilə yerinə yetirilir. Ona heç taksi xidməti demək olmaz.

Kəmiyyət və keyfiyyət ölçülməsi var. Kəmiyyət ölçülməsinə görə, insanlar yolda qalmamalıdır, necə gəldi daşınmalıdır, amma keyfiyyət ölçülməsində təhlükəsizlik problemi, müntəzəmlik məsələsi, sərnişinin yol gediş vaxtı və s. nəzərə alınmalıdır. Bunları bilməyən birinin avtobus alıb insan daşıması ilə iş təmin olunmur. Ayrı- ayrı rayonların kəndlərinə marşrut təyin olunmalıdır, marşrut pasportu verilməlidir. Bundan sonra həmin avtobusun gediş vaxtı, dayanacaqları, qiyməti, tarif dərəcəsi, sərnişin axını işlənməlidir”.

Ekspert bu məsələ ilə bağlı dövlət proqramının zəruriliyini də vurğulayıb:

“Kənd yollarının təmiri üçün proqramlar təmin olunub, vəsait ayrılıb. Hətta bəzi yerlər müasir standartlara uyğun körpülər, tunellər və s. şəkildə təmin olunur. Amma sərnişindaşıma sahəsi üçün də dövlət proqramı olmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sərnişindaşıma xidmətinə, nəqliyyat sisteminə nəzarət edir. Amma onların bu sistemi təmin etmək üçün vəsaitləri yetərli deyil”.

Fərhad Eyyubovun sözlərinə görə, elə kəndlər var ki, orada sovet dövründən qalmış avtobuslar fəaliyyət göstərir: “Əlbəttə ki, bu, turizm sahəsinə ziyan verir. Bu cür avtobusların qalması turistləri də təəccübləndirir.

Bu sahə bir qədər riskli sahədir, amma gəlirlidir. Yol nəqliyyat mədəniyyəti mədəniyyətin bir hissəsidir. Vaxtilə Bakıya gələn turistlər rayonlara getmirdilər. İndi isə birbaşa regionlara gedən turistlər də var. Bununla dövlət də, xalq da qazana bilər. İctimaiyyət də rahat olar. Ona görə də bir qədər diqqət göstərilməlidir. Bu mövzu problemlidir və geridə qaldığı üçün hamının gözündən yayınır”.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

UNİCEF: "Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"

SONRAKI XƏBƏR

1000-ə yaxın bağçada yoxlama keçirilib