Enerji böhranı kömürə tələbatı artırıb - VİDEO

Enerji böhranı kömürə tələbatı artırıb - VİDEO<span class="qirmizi"></span>

Təbii qazın min kubmetrinin avqustda uzun müddət 2 min dollardan baha satılması dünya bazarında kömürə qlobal enerji böhranı ilə bağlı artan meyli daha da gücləndirib. Buna paralel olaraq, dünyanın hər yerindən qlobal istiləşmə ilə bağlı gələn həyəcanlı xəbərlər artmağa başlayıb.

2021-ci ilin ikinci yarısında başlamış qlobal enerji böhranına qədər son illər ərzində dünyada kömür istehsalı ildən ilə azalırdı. 2014-ci ildə dünya üzrə 8,1 milyard ton kömür çıxarılmışdı. Sonrakı illərdə atmosferə atılan karbon tullatnılarını azaltmaq üçün alternativ enerji mənbələrinin təşviqi başladı və havaya ən çox karbon qazı tullantısına səbəb olan kömür arxa plana keçirildi. Nəticədə, 2020-ci ildə dünya üzrə kömür istehsalı 7,7 milyard tona düşmüşdü.

Lakin 2021-ci ilin ikinci yarısında Avropa birjalarında təbii qazın qiymətinin birdən birə 10 dəfəyə qədər artaraq min kubmetr üçün 2000 dolları keçməsi bütün dünyada kömürə marağı artırdı və ötən il dünya üzrə 7,9 milyard ton kömür çıxarıldı. Bu il istehsalın 8 milyard tonu keçəcəyi düşünülür.

Daş kömür atmosferə karbon qazı tullantılarının çoxluğuna görə ən zərərli yanacaq sayılır. Kömürün elektrik enerjisi üçün istifadəsi daha təhlükəli sayılır. Çünki bu zaman havaya karbon qazı ilə yanaşı kütləvi şəkildə his, kükürd dioksidi, azot oksidi, dəm qazı, civə və mərgümüş kimi zəhərli maddələr atılır. Bu maddələr kirlənmə mənbəyindən 100 kilometrlərlə məsafəyə yayılır və insanların vaxtından tez ölümünə səbəb olur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 1000 tera-vatt-saat enerji istehsal üçün sərf edilən kömür 280 min insanın vaxtından tez ölməsinə səbəb olur. 2014-cü il üzrə araşdırma aparan Təşkilat bildirib ki, həmin il dünyada hava çirklənməsi ilə bağlı 3,7 milyon insan ölüb.

Kömürün ən əsas fəsadı elektrik enerjisi istehsalı üçün qazla müqayisədə 1,6 dəfə artıq karbon qazı tullantısı yaratmasıdır. Bu isə istixana effekti yaradaraq, qlobal istiləşmənin daha da sürətlənməsinə səbəb olur. Araşdırmalar göstərir ki, kömürün daha çox istifadə edildiyi ölkələrlə havanın temperaturu daha sürətli artır.

Məsələn, hazırda dünya üzrə kömürün yarıdan çoxu, təxminən 4 milyard tonu Çində istifadə edilir və Çində qlobal istiləşmə digər ölkələrə nisbətən daha sürətlidir. Bu ölkənin Milli İqlim Mərkəzinin məlumatına görə, son 70 ildə, yəni Çində sənəyeləşmə başlanılan 1951-ci ildən bu yana bu ölkədə orta temperatur 1,82 Selsi dərəcə yüksəlib. Halbuki, bütün dünya üzrə orta temperatur sənayeləşmədən əvvəlki dövrlə, yəni 1900-cü illə müqayisədə 1,11 Selsi dərəcə artıb.

Alimlər 2050-ci ilə qədər olan dövrdə qlobal temperaturun artımını 1,5 dərəcə altında cilovlamağa çalışırlar, çünki bu temperaturun normal dövri dəyişməsi sayılır. Əks halda, bəşəriyyəti ciddi problemlər gözləyir. Məsələn, Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun araşdırmasına görə, əgər qlobal temperatur bu dövr ərzində 2 dərəcə artarsa, onda gözlənilməz ərazilərdə qasırğa və tornado kimi hadisələrin tezliyi 3 dəfə artar. Əgər temperatur 4 dərəcə artarsa, onda bu cür anomal hədisələrin sayı on dəfələrlə çoxalar.

Qeyd edək ki, Rusiya alimlərini bu cür araşdırma aparmağa Sibirdə gözlənilmədən tornado baş verməsi məcbur etmişdi. Azərbaycanda da bu günlərdə heç gözlənilməyən ərazidə - Kəlbəcər rayonu ərazisində - Ala göllərdə tornado baş verib. Yəni bu Azərbaycan üçün gözlənilməz haldır və ekoloqlar bunu həyəcan təbili sayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Real TV-yə müsahibəsində bildirib ki, Azərbaycanda bu məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətdədir və ölkəmiz qlobal istiləşmənin qarşısının alınması üçün bir sıra könüllü öhdəliklər götürüb.

Rafiq Verdiyev deyir ki, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoyacaq.

Əgər havaya atılan karbon qazının miqdarı lazımi həddə tənzimlənməzsə, hadisələr Azərbaycan üçün daha əlverişsiz ssenari üzrə cərəyan edər.

Təbii ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyaalrı tətbiq etməlidir. İlk növbədə suvarma üçün götürülən suyun torpaq kanallarda itməsinin qarışsı alınmalıdır. Araşdırmalara görə suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun 4 milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnolgiyaların olmaması üzündən götürülən suyun 2 milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürlən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalıdır və enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına bu kimi problemləri həlli ilə hazırlaşmalıdır.

Mənbə: www.realtv.az