"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib<span class="qirmizi"></span>

Bu gün "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin (İH) bu ilin I yarım illiyinə həsr olunan toplantısı keçirilib.

"Report" xəbər verir ki, bu barədə ATAA məlumat yayıb.

Məlumata görə, iclasda qurumun yeni strukturunun yaradılması, Assosiasiyanın postpandemiya dövründə fəaliyyət istiqamətinin qurulması, eləcə də qarşıdakı dövr üçün həyata keçiriləcək planları və strategiyası müzakirə olunub.

Toplantı çərçivəsində, eyni zamanda beynəlxalq tərəfdaşlarla qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə işgüzar görüşlərin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ATAA ilə turizim şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunan İH-nin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın əvvəlki dövrlərdə olduğu kimi gələcəkdə də turizm şirkətlərinin fəaliyyətinə, onların üzləşdiyi çətinliklərin həllinə, turizm bazarında sağlam rəqabətin formalaşmasına dəstək olacaqlarını deyib.

Postpandemiya dövründə əksər turizm şirkətlərinin fəaliyyətinin bərpa olunduğunu qeyd edən G.Qəhrəmanov turizm sənayesi üçün yeni imkanların yarandığını və Assosiasiyanın bu istiqamətdə turizm agentlikləri ilə birgə çalışaraq aktiv fəaliyyət göstərəcəklərini bildirib.

Toplantı çərçivəsində Assosiasiyaya yeni üzvlər qəbul edilib.

Mənbə: report.az