Azərbaycanda taxılla bağlı ajiotaj başlayır - Taxıl Fondu tükənə bilərmi?

Azərbaycanda taxılla bağlı ajiotaj başlayır - <span class="qirmizi">Taxıl Fondu tükənə bilərmi? </span>

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.

Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son 1 həftədir ki, un “qeybə çəkilib”. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Bəs buna səbəb nədir? Yaranmış problem uzunmüddətli böhrana səbəb ola bilərmi?

Məsələni Bakupost.az -a şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib ki, hazırda bunun səbəbi Taxıl Fondunun ehtiyyatlarından limitlə istifadə olunmasıdır:

“Taxılla bağlı idxaldan asılı olmağımız faktdır. Eyni zamanda Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə, xüsusilə Rusiya və Ukraynada müharibə şəraitinin hökm sürməsi, taxıl, un idxalını çətinləşdirib. Hazırkı vəziyyətdə biznes qurumları üçün hələlik Taxıl Fondunun ehtiyyatlarından istifadə olunur. Bilirik ki, orada da müəyyən məhdudiyyətlər var. Un məmulatları istehsal edən sexlər, o cümlədən biznes qurumlarının artıq un əldə etməsində çətinliklər yaranıb. İlkin olaraq bunun ajiotaja səbəb olmaması üçün hələlik limitlərlə ayrılır. Bir müddətdən sonra Taxıl Fondunun ehtiyatları tükənməyə doğru getsə, bu, daha ciddi məzmun ala bilər”.

İqtisadçı ekspert taxılla bağlı ümidverici halların olduğunu da qeyd edib:

“Ümidverici tərəf ondan ibarətdir ki, artıq payıza doğru taxıl biçini başlayır. Taxıl biçini müddətində 1.8 milyonun ton taxıl daxili istehsal, 1.4 milyon ton isə idxal hesabınadır. Yəni, biçin zamanı 60% -ə yaxın taxıl əldə olunacağı gözlənilir. Bu məntiqlə düşünsək payız aylarına doğru indi yaranmış ajiotaj aradan qalxmalıdır. Başqa bir tərəfdən Azərbaycanın Taxıl Fondunun genişləndirilməsi perspektivləri də var. Taxılın əkini ilə bağlı dövlət tərəfindən subsidiyaların ayrılması, digər tərəfdən isə işğaldan azad edilən əkinə yararlı torpaqlarda əkin işlərinin aparılması da taxıl ehtiyyatlarımızı artırmaq üçün əsas yaradır”.

M.Talıblı unun bahalaşması ilə bağlı məsələyə də diqqət çəkib:

“Əhalinin narahatlığı bu müddətdə Taxıl Fondunun ehtiyyatlarından istifadə olunmasıdır. İnsanlar düşünür ki, Taxıl Fondu uzun müddət buna davam gətirə bilməz, daxili istehsal yetməz. Lakin payıza doğru biçin prosesi yekunlaşandan sonra daxili istehlak üçün nəzərdə tutulmuş istehsal imkanlarımız artmalıdır. Əgər payıza doğru hansısa problemlərlə qarşılaşsaq, bu deməkdir ki, un və un məmulatlarının qiymətlərinin artması üçün əsaslar yaranır. Lakin daxili imkanları, eyni zamanda payıza doğru biçini nəzərə alsaq burada ciddi problem olmamalıdır. Hesab edirəm ki, taxıl və unla bağlı kritik vəziyyətlər yaranır, insanlarda müəyyən sullar meydana gəlir. Taxıl Fondu və Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı ictimaiyyətə əsaslandırılmış açıqlamalar verməlidir”.

 

Fərid

Baku Post

Mənbə: www.bakupost.az