Avropada küçə və reklam işıqları söndürüləcək

Avropada küçə və reklam işıqları söndürüləcək<span class="qirmizi"></span>

Avropa ölkələri Rusiyadan asılı olduqları enerji resurslarına qənaət etmək və potensial enerji böhranının qarşısını almaq üçün küçə lampalarını söndürmək və işıqlı reklam lövhələrindən istifadəni məhdudlaşdırmaq qərarına gəliblər.

"Unikal" xəbər verir ki, Almaniya, İspaniya, Fransa da daxil olmaqla bir çox Avropa ölkəsi enerjiyə qənaət etmək üçün küçə işıqlarını söndürmək və kondisionerlərdən istifadəni məhdudlaşdırmaq kimi qərarlar qəbul edib.

İspaniya hökuməti dükanlara gecə vaxtı işıqları söndürməyi, enerjiyə qənaət etmək üçün müəyyən limitlə kondisioner və qızdırıcılardan istifadə etməyi tövsiyə edib. Müvafiq olaraq, İspaniya hökuməti müəssisələrə yayda kondisionerləri 27 dərəcədən aşağı, qışda isə 19 dərəcədən yuxarı istilikdə saxlamağı qadağan edən bir fərman verib. Hökumət həmçinin mağazalara isitmə sistemləri işləyərkən qapıların açıq qalmasının qarşısını almaq üçün avtomatik qıfıllar quraşdırmağı və mağazanın ön hissələrinin axşam saat 22:00-dan etibarən qaranlıq olmasını təmin etməyi tapşırıb. Rəsmilər oxşar tədbirlərin ictimai binalara da şamil edildiyini bildiriblər. İspaniya bildirib ki, bu dəyişikliklər qaz və neftə olan tələbatı qısa müddətdə 5 faiz azalda bilər və ölkənin mart ayına qədər qaz istehlakını 7 faiz azaltmaq hədəfinə çatmasına kömək edə bilər.

Fransada hökumət bütün şəhərlərdə 01.00-06.00 arasında işıqlı reklamların, lövhələrin və reklam lövhələrinin qadağan oluna biləcəyini açıqlayıb. Həmçinin Fransada təxminən 12.000 bələdiyyə enerjiyə qənaət etmək üçün gecələr ictimai işıqlandırmanı tamamilə və ya qismən söndürmək qərarına gəldiklərini açıqladı.

Qaz təchizatının təxminən üçdə birini Rusiyadan təmin edən Almaniyada hökumət enerjiyə qənaətlə bağlı bir sıra tövsiyələr dərc edib. Hökumət ictimai və ofis binaları və böyük salonlar kimi "insanların vaxtını tez-tez keçirmədiyi ərazilərdə" istilik sistemlərinin bağlanmasına çağırıb. Bundan əlavə, Almaniyanın bəzi şəhərlərində küçələrin işıqlandırılması azaldılıb, paytaxt Berlində 200-ə yaxın tarixi bina və abidəni işıqlandıran işıqforlar söndürülüb.

İtaliya isə İspaniya ilə oxşar tədbirlər görərək qışda istiliyi maksimum 19 dərəcə, yayda isə maksimum 27 dərəcə soyutma ilə məhdudlaşdırıb. Hökumət gecə küçə işıqlandırmasının azaldılmasını və mağazaların erkən bağlanmasını ehtiva edən təcili qənaət planı hazırladığını açıqladı.

Mənbə: www.unikal.org