Misir ilk yüksəksürətli elektrik dəmir yolu şəbəkəsinə malik olacaq

Misir ilk yüksəksürətli elektrik dəmir yolu şəbəkəsinə malik olacaq<span class="qirmizi"></span>

 

Qahirə, 16 avqust, AZƏRTAC

Misirin Nəqliyyat Nazirliyi ölkədə ilk yüksəksürətli dəmiryolu şəbəkəsinin qurulmasına dair Almaniyanın “Deutsche Bahn” (DB) şirkəti ilə kontrakt imzalandığını açıqlayıb.

AZƏRTAC nazirliyin mətbuat açıqlamasına istinadla xəbər verir ki, Misirin ilk yüksəksürətli dəmir yolu xəttinin uzunluğu 2 min kilometr olacaq və onun inşasına, habelə alman vaqonlarının alınmasına 23 milyard dollar xərclənəcək. Kontrakta əsasən, alman şirkəti 15 il müddətinə şəbəkənin menecmenti və operatorluğunu həyata keçirəcək və bu, daha 15 illik uzadıla bilər. İnşaat işlərində çalışanların 90 faizinin də Misir vətəndaşları olması barədə razılıq əldə olunub.

Misirin 60 şəhəri və qəsəbəsi arasında əlaqəni təmin edəcək dəmir yolu xəttində qatarlar saatda 230 kilometr sürətlə hərəkət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək layihənin 14 ildə tamamlanması nəzərdə tutulur.

DB şirkəti Almaniyada 34 min kilometrlik dəmir yolu xəttinin, həmçinin ABŞ, Böyük Britaniya, Kanada, Polşa, Niderland, Uruqvay və Hindistanda da yüksəksürətli dəmiryolu xəttinin meneceridir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az