Bölgədə durum kritik həddə çatır - Tokayevi Azərbaycana gətirən səbəb

Mərkəzi Asiya ölkələri Çindən borc almaqda davam edirlər. Pekin Mərkəzi Asiya ölkələrinin kredit şəklində on milyardlarla dollar verib və bu məbləğ getdikcə artır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd edilib ki, Pekin Mərkəzi Asiyada kredit fəaliyyətini 2000-ci illərdən genişləndirib:

“Əvvəlcə bu siyasət Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılırdı. Təşkilatın 2004-cü ildə Daşkəntdə keçirilən sammitində Çin üzv ölkələrə 900 milyon dollar kredit ayıracağını açıqladı. Təşkilatın 2009-cu il sammitində bu rəqəm 10 milyar dollara qədər artırıldı. Pekin ayrılan vəsaitlərin idarə olunması üçün təşkilat çərçivəsində müvafiq bankın yaradılmasını təklif edirdi. Ancaq üzv ölkələrdən Rusiya bu təklifin əleyhinə çıxdı. Pekin bundan sonra ayırdığı kreditlərin ikitərəfli sazişlər yolu ilə idarə olunmasına üstünlük verdi. Bu siyasət Pekinə Mərkəzi Asiya ölkələrinə təzyiqi artırmaq üçün yeni imkanlar verdi.

Çin Mərkəzi Asiya ölkələrinə aşağı faizlə kreditləri 20 illiyinə verib. Bu təklifdən Mərkəzi Asiyanın bütün ölkələri faydalanıb. Mərkəzi Asiya ölkələrinin Qərbin maliyyə institutlarından kredit almaq imkanları yoxdur, şərlət ağır, tələblər çoxdur. Qərb investisiyları Mərkəzi Asiya ölkələri üçün əlçatmazdır. Ona görə də Mərkəzi Asiya ölkələri Çindən kreditlər alıblar.

Çinin ayırdığı kreditlərin konkret istiqamətləri var. Çin neft və qazın daşınmasına, enerji mənbələrinin yaradılmasına, dağ-mədən fəaliyyətlərinə və infrastuktur layihələrinə kreditlər ayırıb. Bu o layihələrdir ki, Çin məhsulları üçün bazarların genişlənməsinə və sərvətlərin daşınmasına imkan verir. Digər tərəfdən, bu layihələrin reallaşmasında Çin şirkətlərinin iştirak etməsi əsas tələblərdən biridir. Yəni Çinin dövlət kreditləri tikinti işlərini aparan Çin şirkətlərinə verilib. Tikinti işlərinə çinli işçilər cəlb olunublar”.

Təhlildə Çinin kredit ayıran üç qurumunun Çin Xalq Bankı, “Eksimbank” və Çin İnkişaf Bankının olduğu vurğulanıb:

“Bu banklar Mərkəzi Asiya ölkələrindən ən çox Qazaxıstan və Türkmənistana kreditlər veriblər. Qazaxıstan və Türkmənistan Mərkəzi Asiyanın iki ən zəngin neft-qaz ölkəsidir. Bu səbəbdən Çinin Qazaxıstanın neft sənayesində payı artıb. Pekin Mərkəzi Asiya ölkələrini dünya üzrə baş qaldıran tənəzüllərdən də qoruyur. Məsələn, Qazaxıstan iqtisadi böhranla üzləşərkən Çin bu ölkəyə 5 milyard dollar maliyyə ayırıb və bu maliyyənin təxminən 3.5 milyard dolları Çindən əvvəlki illərdə alınan texniki avadanlılqarın borcuna xərclənib. Çin Türkmənistana verdiyi borc hesabına bu ölkənin qaz istehsalı sahəsində də paya malik olub. Pekin Türkmənistan qazının bir hissəsini həm istismar edir, həm də Çinə nəql edir.

Mərkəzi Asiyanın iki kasıb ölkəsi olan Tacikistan və Qırğızıstan da Çindən kredit almaqda davam edirlər. Bu kreditlər hesabına elektrik mərkəzləri tikilib, dəmir yolları çəkilib. Ancaq borcu qaytarmaq zamanı gəldikdə həm Bişkək, həm də Düşənbə ciddi çətinliklərlə üzləşiblər. Çünki borcu qaytarmaq üçün lazım olan maliyyə vəsaiti yoxdur. Qırğızıstanın prezident bu borca görə, ölkəsinin hətta müstəqilliyini itirməsi təhlükəsiylə üzləşdiyini bildirib. Tacikistanın və Qırğızıstanın dövlət borcunun yarısından çoxu Çinin payına düşür.

Özbəkistan Mərkəzi Asiyanın digər dövlətlərindən fərqli olaraq, Çindən aldığı kreditləri iqtisadiyyatın real sektoruna cəlb etməyə çalışıb. Ancaq Özbəkistan nümunəsində də alınan kreditlər Çində istehsal olunan avadanlıqların alınmasına xərclənib.

Pekin borcunu qaytara bilməyən Mərkəzi Asiya ölkələri ilə maliyyə əməkdaşlığını dayandırmır, əksinə, yenə kreditlər ayırmağı planlaşdırır. Pekinin qərarıyla xüsusi dövlət fondu yaradılıb ki, Mərkəzi Asiya ölkələrinə kredit ayırmaqla məşğuldur”.

Mərkəzin ekspertlərinə görə, Pekinin dayanmadan Mərkəzi Asiya ölkələrinə kredit verməkdə bir sıra məqsədlərinin olduğunu deyiblər:

“Birincisi, Pekin bununla Mərkəzi Asiyanın geniş bazarlarında pay sahibi olub, enerji resurslarına çıxış imkanı əldə edib. İkincisi, Pekin Mərkəzi Asiyada maliyyələşdirdiyi layihələrə Çin şirkətlərini cəlb edib və beləliklə, ayrılan maliyyənin bir hissəsi ölkəyə qayıdıb. Üçüncüsü, Pekin Mərkəzi Asiya ölkələrinin layihələrini maliyyələşdirməklə, borc verməklə bu ölkələri Çindən asılı vəziyyətə salıb. Məsələn, Mərkəzi Asiya ölkələri Çində hüquqları pozulan türk mənşəli uyğulara dəstək vermir, beynəlxalq təşkilatlarda Çin əleyhinə sənədlərə səs vermirlər.

Bu arada, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana səfər edəcəyi xəbəri yayılıb. Tokayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələri genişləndirmək və Azərbaycanla yeni ticarət sazişi imzalamaq istəyir. Qazaxıstan Azərbaycan – Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünya bazarlarına daha çox neft nəql etmək istəyir.

Qazaxıstan neftin nəqlini şaxələndirməyə çalışır. Qazaxıstan yalnız Rusiyadan keçən boru xəttindən asılı olmaq istəmir. Qazaxıstan-Çin iqtisadi əlaqələrində də problemlər var. Ötən ilin sentyabr ayında Çin Qazaxıstan mallarının idxal-ixracına ciddi maneələr yaratmışdı. Bu, Qazaxıstan istisadiyyatına mənfi təsir etdi. Bu baxımdan, Qazaxıstan idxal-ixrac əməliyyatlarını da şaxələndirmək istəyir, Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarını nəzərdən keçirir”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Tanınmış aktrisadan məktəbli formasının qiymətinə ETİRAZ: “Çoxuşaqlı ailə o qədər pulu haradan tapsın?”

SONRAKI XƏBƏR

Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA