Avropa İttifaqı ölkələrində kamin satışı artıb

Avropa İttifaqı ölkələrində kamin satışı artıb<span class="qirmizi"></span>

 

Praqa, 19 avqust, AZƏRTAC

Ukraynada hərbi əməliyyatlarla bağlı enerji böhranı və enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar bütün Avropa İttifaqı məkanında internetdə kamin satışının artması müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, əvvəlki il üzrə müvafiq göstərici ilə müqayisədə satış 10 dəfə artıb.

Maraqlıdır ki, kaminə tələbat bəlkə daha çox olardı, lakin onu istehsal edən şirkətlər sifarişləri yerinə yetirməyə macal tapmırlar. Onlar bu barədə öz veb-saytlarında əvvəlcədən xəbərdarlıq edirlər. Ola bilsin, bəzi potensial sifarişçilər buna görə bir qədər çəkinir. Əks halda tələbat daha çox olardı. Kamin sobalarının bəzi modellərinin xeyli bahalaşmasına baxmayaraq, sifarişçilər bu malları yarım il və daha çox gözləyirlər.

Ötən dəfə qeyd etdiyimiz kimi, kaminlərə marağın artmasına səbəb elektrik enerjisinin və qazın kəskin şəkildə bahalaşmasıdır. Beləliklə, əvvəllər dekorativ məişət əşyası sayılan kamin indi əsas istilik mənbəyinə çevrilir.

Oduna tələbatın da kəskin artması qeyd olunur. Cari ilin ikinci rübündə onun orta qiyməti 111 faiz artıb. Hazırda Avropa sakinləri odunun hər kubmetri üçün təqribən 40,5 avro ödəyirlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Mənbə: azertag.az