Qlobal böhran: Dünya ərzaq bazarında artan qiymətlər

Qlobal böhran: Dünya ərzaq bazarında artan qiymətlər<span class="qirmizi"></span>

 

Son dövrlər dünya ərzaq bazarında qiymətlər əvvəlki illərlə müqayisədə bahalaşıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablaması da bu ilin iyul ayında qlobal ərzaq qiymətlərindəki faiz nisbəti bunu təsdiqləyir. Eyni zamanda qlobal ərzaq bazarında qiymətlər ötən ilin eyni dövrünə nisbətən 13.1 faiz yüksək göstərici ilə xarakterizə olunur. Amma ötən ay taxıl qiymətlərində əvvəlki ayla müqayisədə 11,5 faiz azalma qeydə alınıb. Bu da sözsüz ki, qardaş Türkiyənin təşəbbüsü və vasitəçiliyi ilə taxıl dəhlizinin yaradılması və bunun nəticəsində müəyyən qədər Ukrayna taxılının dünya bazarına yolunun açılması ilə əlaqəlidir. Bununla yanaşı taxıl məhsullarınını yığım sezonu da qiymətlərə təsir edib. Əsas rol isə Şimal yarımkürəsində taxıl yığımının başlanmasına məxsusdur. Bir çox dünya ölkələrində isə qabaqcıl texnologiyaların tətbiqi ilə həyata keçirilən taxıl yığımı prosesi sürətlə və itkisiz gedir. Ümumilikdə isə dünya bazarında taxıl qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz yüksəlib. Bu da öz növbəsində un və un məmulatlarının, çörəyin qiymətinin artmasına səbəb olan başlıca amillərdən hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, FAO-nun qiymətləndirməsində qlobal təchizat zəncirindəki qırılmaların davam etməsi, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına da təsirsiz ötüşməyəcək: “Bu tendensiyanın davam etməsi ərzaq bazarında proseslərin pisləşməyə doğru getməsi riskini saxlayır. Eyni zamanda son dövürlər gübrələrin qiymətlərindəki artımlar da fermerlərin əlavə xərclərlə üzləşməsinə səbəb olub. Bu da öz növbəsində istehsalın azalması ilə müşahidə edilən bir mənzərə yaradır. Milli iqtisadiyyatlardakı geriləmə, valyuta məzənnələrindəki dəyişkənlik qlobal ərzaq təhlükəsizliyi üçün təhdid formalaşdırır. İqlim dəyişikliyi, quraqlıqlar da qlobal ərzaq bazarında mənfi dəyişikliklər təhlükəsini artıran amillərdən hesab olunur. Son 500 ildə Avropada kəskin quraqlıq qeydə alınıb. Fransa, İspaniya, Belçika, İtaliya, Rumıniya kimi ölkələrdə əkin sahələri isti havanın mənfi təsirləri ilə üz-üzə qalıb. Həmçinin Avropanın aparıcı su hövzələrində suyun azalması, çaylarda sululuq səviyyəsinin aşağı düşməsi də qlobal ərzaq bazarına mənfi təsir göstərən amillərdəndir. Ümumilikdə isə yağıntıların azlığı Almaniya kimi ölkələrdə buğda istehsalının 40 faizədək aşağı düşməsinə səbəb olub”.

Millət vəkilinə görə, quraqlıq səbəbindən Avropada taxıl, ət, süd məhsularının istehsalında ciddi azalmanın olması da qaçılmazdır: “Məhz bu mənfi tendensiyalar bu ilin sentyabrından etibarən qlobal ərzaq bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir. Azərbaycan da ərzaq buğdasına olan tələbatını idxal hesabına təmin edən ölkələrdən hesab edilir. Ona görə də dünya bazarında olan qiymət artımının ölkəmizdə un və un məmulatlarının, çörəyin qiymətinə təsiri qaçılmaz olacaq. Rəsmi statistikaya nəzər salsaq ötən il buğdanın 1 tonu ölkəmizə 254 dollara idxal edilib. Bu da ötən dövrdəki qiymətlərlə müqayisədə 40 faiz bahalaşmanın olduğunu göstərir. Azərbaycanın buğda idxal etdiyi ölkələrdən bir olan Qazaxıstanda ötən illərlə müqayisədə bu il 13,5 milyon ton buğda istehsalı proqnozlaşdırılır. Eyni zamanda Qazaxıstan qarşıdakı dövrdə yəni, sentyabrın sonunadək ölkədən buğda və un ixracına məhdudiyyət tətbiq etməklə bağlı qərər qəbul edib. Məhz bu məhdudiyyətə görə, Azərbaycana Qazaxıstandan buğda idxalı minimuma düşüb. Ölkəmiz üçün əsas buğda bazarı olan Rusiyada isə buğda istehsalının 83-84 milyon ton olacağı gözlənilir. Eyni zamanda Rusiyanın taxıl ixrac imkanının 40 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır”.

Deputat vurğulayıb ki, ötən ilin payızından ölkəmizdə müşahidə olunan əlverişsiz hava şəraiti əkin sahələrinin sıradan çıxmasına, taxıl və dənli bitkilərin istehsalının azalmasına gətirib çıxarıb: “Məhz əlverişsiz hava şəraiti, quraqlıq 100 min hektardan yuxarı sahədə əkinlərə zərər vurub. Azərbaycan dövləti öz növbəsində buğda idxalçıları və istehsalçılarına, həmçinin un istehsalçılarına subsidiyalar ayırır. Bununla bazarlarda qiymətlərin sabit saxlanılmasına çalışılır. Öz növbəsində bu ilin yanvarında buğda qiymətlərinin kəskin bahalaşması qeydə alındı. Bu da ölkəmizdə çörək və unun qiymətində müəyyən artımlarla müşahidə edildi. Dövlətin atdığı addımlar və görülən əks tədbirlər və ayrılan subsidiya nəticəsində qiymətləri sabit saxlamaq mümkün olur. Amma buna baxmayaraq sözsüz ki, bu yolla qiymətlərin sabitliyini daimi olaraq nəzarətdə saxlamaq qeyri mümkündür”.

Eldar Quliyev ölkəmizdə un və çörək istehlakının həcminin çox olduğunu söyləyib: “Azərbaycan dünyada adambaşına ən çox çörək istehlak edən ölkələr sırasındadır. Aydın məsələdir ki, bu qədər çörəyin hamısı insanlar tərəfindən tam istehlak olunmur. Eyni zamanda ölkəmizdə çörəyə israfçı münasibətin olması faktdır. Paytaxt Bakı və ətraf qəsəbələrdə mövcud olan fermer və həyatyanı ailə təsərrüfatlarında vətəndaşların istehlakdan artıq alıb sonra atdığı, yüzlərlə ton çörəyin istifadə edilmədiyindən hamımız məlumatlıyıq. Bu da öz növbəsində ailələrin istehlak edə biləcəyi qədər çörək almadığı məsələsini bir daha gündəmə gətirir. Bunun nəticəsində hər gün tonlarla köhnəlmiş çörək mal-heyvan üçün yemə çevrilir. Sözsüz ki, ölkəmiz yaxınmüddətli dövrdə özünü buğda ilə təhlükəsiz həddə təmin etməyi qarşıya məqsəd kimi qoyub. Prezident İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı da buna hesablanıb. Bu Fərmanla müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalının artırılması hədəflənib. Eyni zamanda ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək ki, bu da öz növbəsində istehsalın artmasını təşviq edən amillərdəndir. Bununla yanaşı fermerlərə müasir suvarma sistemlərini əldə etmək üçün dövlət tərəfindən subsidiyaların ayrılması nəzərdə tutulur. Bu amillər su ehtiyatlarından səmərəli istifadəni, buğda istehsalında məhsuldarlığın artmasını stimullaşdıracaq. İşğaldan azad edilmiş ərazilərimizdə buğda istehsalını artırmaq üçün torpaq və su potensialından da maksimum yararlanılması planlaşdırılır. Atılan bütün bu addımlar yaxın gələcəkdə Azərbaycanın buğda ilə özünü təminata imkan yaradacaq”.

Mənbə: teleqraf.com