Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMA

Müasir dünyada turist səfərləri (səyahət) insan həyatının ayrılmaz hissəsidir.

Turizm həm də mühüm sosial-iqtisadi, mədəni-ekoloji, beynəlxalq və digər funksiyaları yerinə yetirmək baxımından cəlbedicidir. Bunun fonunda təbii və texnogen təhlükələr, o cümlədən ekoloji, fövqəladə hallar turistləri səyahətləri zamanı davamlı olaraq müşayiət edir. Avtomobil, təyyarə qəzaları və bu kimi digər təhlükəli hadisələr nəticəsində turistlərin həyatına, sağlamlığına və əmlakına zərər dəyir. Həmçinin daha az proqnozlaşdırıla bilən təhlükəsizlik təhdidləri artır.

Turizmin təşkilinin ən mühüm elementlərindən biri turistlərin həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanda turistlərin təhlükəsizliyi “Turizm haqqında qanun”un müvafiq bəndi ilə tənzimlənir. Amma son vaxtlar baş verən hadisələr qanuna tam əməl edilmədiyindən xəbər verir.

“Kaspi” qəzetində mövzu ilə bağlı material yayımlanıb.

Bu yaxınlarda Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 8 nəfərin faciəli şəkildə ölməsi və bir o qədər turistin ağır yaralanması, iyun ayında Şamaxı-Bakı yolunda məktəblilərin olduğu avtobusun qəzaya düşməsi, ekstremal turizmlə məşğul olan insanların təbii fəlakətlə üzləşməsi və s. hadisələrin baş verməsi bu sahədə təhlükəsizliklə bağlı bır sıra boşluqların olmasının göstəricisi kimi dəyərləndirilə bilər.

Qanun turizm xidmətləri göstərən şəxslərin üzərinə turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək məsuliyyəti qoysa da, buna lazımınca əməl olunmur. Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin öhdəlikləri sırasına “Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq” tələbi daxildir. Belə ki, turizm təşkilatçıları səfər zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların üzləşə biləcəkləri, həyat və sağlamlıqlarını, əmlaklarını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməyə cavabdehdirlər. Bu məlumatlar yazılı və şifahi formada verilə bilər.

Azərbaycan Turizm Agentliyindən (ATA) bildirildi ki, tur zamanı turistlərin həyat və sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrin baş verdiyi hallarda tur xidməti təşkilatçılarının və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin əhatə dairəsi dəqiq müəyyən edilməlidir. Belə ki, “Turizm haqqında” qanunun 16.5.2-ci maddəsinə əsasən, turoperator və turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərilməsini təşkil etmək öhdəliyi vardır: “Eyni zamanda, yol-nəqliyyat hadisələri bilavasitə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, sərnişinlərə dəyən zərərin ödənilməsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əsasında həyata keçirilir”. ATA bildirir ki, tur xidməti təşkil edən şəxslərə turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq hər bir turistin könüllü qaydada səfər sığortasının təşkil edilməsi tövsiyə edilir.

Turizmçilər də hesab edirlər ki, turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməklə bitməli deyil. Təşkilatçılar turistlərə mütləq səyahət zamanı rast gələ biləcəkləri, həyat və sağlamlıqlarını, əmlaklarını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməlidirlər.

Turizmçi Ceyhun Aşurov Lerikdə baş verən hadisədə həlak olanların turist deyil, ziyarətçi olduqlarını bildirir: “Turist yaşadığı yeri ən azı bir gün tərk edib gedən şəxsdir. Amma media dini ziyarətə gedənləri “turist” kimi təqdim etdi. Ziyarətçilər özfəaliyyət şəklində hərəkət ediblər. Bir nəqliyyat vasitəsi ilə anlaşıb kirayələyərək təyin olunan məntəqəyə gediblər. Burada hər hansı turizm şirkətinin fəaliyyətindən söhbət getmir. Bu məsələdə qiymət faktoru da rol oynayıb”. Turizmçinin sözlərinə görə, peşəkar turizm şirkətləri belə insanları apararkən daha çox məsuliyyət daşıyır, nəqliyyatın nasazlığına, sürücünün peşəkarlığına fikir verirlər: “Turizm şirkətlərinin konkret işlədikləri nəqliyyat şirkətləri var ki, onlarla iş görürlər. Burada, təbii ki, sığortalanma halları olur. Təəssüf ki, bəzi turizm şirkətləri ucuzluğa gedərək təhlükəsizlik məsələlərinə o qədər əhəmiyyət vermirlər. Qanunda artıq bu fəaliyyət tənzimlənir və sığortalanma məsələsi mütləq işə düşür. Hər zaman tövsiyə olunan odur ki, vətəndaşlarımız, turistlər riskli bölgələrə, tanımadıqları yerlərə səfər edərkən təhlükəsizlik məsələləri ilə bağlı peşəkar şirkətlərlə işləməyə üstünlük versinlər. Əks halda, o marşrutda və ya səfər zamanı yarana biləcək qəzada cavabdehliyi kimsə daşımır”. C.Aşurovun fikrincə, faciəvi və ya hər hansı xoşagəlməz hadisələrin yaşanmaması üçün peşəkar şirkətlərin xidmətinə üstünlük vermək lazımdır: “Düzdür, bu xidmətlər nisbətən baha ola bilər. Amma önəmlisi odur ki, səyahət həm sığortalı, həm də təhlükəsiz olur”.

Turizmçi Eldəniz Səfərov bildirir ki, bu mövzuda ümumi turizmlə məşğul olanlardan, texniki vasitələrdən, dövlət orqanlarının nəzarətindən, sığortalanma qaydalarından, turistlərin davranış qaydalarına qədər incəliklər var: “Sığorta olmalıdır. Ancaq görürük ki, Lerikdəki qəza zamanı turu avtobus sürücüsü təşkil edib. O, heç bir məsuliyyət hiss etmir”.

Nəzərə almaq lazımdır ki, bu gün turizmdə təhlükəsizlik məsələsi turist axınına, o cümlədən gəlmə turizmin səviyyəsinə artan təsir göstərən amilə çevrilir. Turizm sahəsinə cavabdeh şəxslərdən tutmuş, tur təşkil edənlərə və marşrut sürücülərinə qədər bu məsuliyyəti dərk etsələr, özfəaliyyətə yox, peşəkarlığa yer versələr, bu, qanunun mövcud maddəsi ilə adekvat olar. Çünki söhbət insan həyatından gedir...

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Finlandiyada Azərbaycan evinin açılışı oldu

SONRAKI XƏBƏR

Ermənilər Nyu-Yorkda Paşinyana hücum etdilər - VİDEO