Bakıda Avropa brendi adı altında görün hansı məhsullar satılır?

Bakıda “Nə alsanız 1 manat” başlıqlı mağazalara yəqin ki, hər biriniz rast gəlmisiniz. O qədər populyarlaşmışdı ki, az qalsın hər addımbaşı gözümüz bu ucuz satış mərəzlərinə sataşsın. Bəs düşünmüsünüzmü insanların təəccübünə səbəb olan bu tendensiya birdən-birə necə və harada yarandı?

Bu tip mağazalar Çində daha geniş yayılmasına baxmayaraq, əslində Azərbaycana Avropadan gəlib. Zaman-zaman bu qitədə ucuz və keyfiyyətsiz məhsulların daha çox satışını həyata keçirmək üçün bu cür kampaniyalar aparılıb. Yarandığı vaxtlar kiçik əşyalar satışa çıxarılırdısa, sonralar piştaxtaları geyim və böyük məişət avadanlıqlarına qədər hər çeşiddən olan məhsul bəzədi. Azərbaycanda da elə Avropadakı kimi oldu, təkcə 1 manatlıq məhsullar deyil, həm də qiyməti keyfiyyəti qədər olan məişət avadanlıqları, kosmetik vasitələr, hətta geyimlər müştərilərə təqdim olundu.

İnsanlara keyfiyyətsiz məhsulların “bir qiymətin gücü” prinsipi ilə daha asan satılması ənənəsi bu gün də ayaqdadır. Amma “manatlıq” mağazalar artıq təkcə yol kənarlarında yaşamır, həm də böyük supermarketlərə siraət edib. Xüsusilə də Çindən, Pakistandan və digər Asiya ölkələrindən aşağı keyfiyyətli məhsullar idxal olunaraq, ABŞ və Avropa məhsulu kimi müştərilərə təqdim edilir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Avropanın bir sıra ölkələrində satılan “Pepco” məhsullarını Azərbaycana gətirib. O “Pepco” ki, Avropanın “manatlıq” mağazalar şəbəkəsidir və əslində, müştərilərinə də məhsullarını o cür təqdim edir. Şəbəkə “hamısı bir dollara” sloqanı ilə geyim, ev heyvanları üçün yemək, oyuncaqlar, gözəllik məhsulları və məişət əşyalarından tutmuş dərman vasitələrinə qədər müxtəlif məhsullar təklif edir. 1999-cu ildə zəncir biznesinin əsası qoyulsa da, 2003-cü ildə Cənubi Afrikanın “Pepkor” şirkəti “Poundstretcher”in 14 mağazasını alır və növbəti il Polşada “Pepco” markasını təqdim edir. Polşadan başqa, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Xorvatiya, Litva, Sloveniya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya və Serbiya da daxil olmaqla, əksər Avropa ölkələrində fəaliyyət göstərir.

Bəs, “Araz”ın Avropa brendi kimi təqdim etdiyi bu şirkət həqiqətənmi Avropanındır? Məhsullar Avropadamı istehsal edilir?

“Araz” supermarketlər şəbəkəsinin 17 filialında “Pepco” çeşidləri müştərilərə “ucuz və keyfiyyətli” məhsul adı altında satılır. “Pepco” məhsullarını Avropa brendi kimi təqdim edən “Araz” qeyd etdiyi keyfiyyətə təminat verirmi? Təsəvvür edin ki, 10-15 manata Avropa brendi olan ayaqqabı alırsınız. Hətta 1-2 manata da geyimlər var, onların sayı daha çoxdur. İndi oxucuların beynini bu sualı yola bilər: 3-5 manatlıq geyim necə keyfiyyətli ola bilər? Avropada bir fincan qəhvənin 10 avro olduğu bir vaxtda bu qiymətə yüksək keyfiyyətli kostyum almaq olarmı? Hər kəs bu sualın cavabını çox yaxşı bilir.

Adi bir müqayisə: Avropadan idxal olunan ikinci əl məhsulların satıldığı “Memi” mağazalarında təqdim edilən geyimlər belə onlardan qat-qat bahadır. Bəs, nədir “Pepco”nu bu qədər üstün edən?! Həm keyfiyyətli, həm ucuz, həm də Avropa brendi...

Azərbaycan alıcısının Avropanın “manatlıq” mağazasının məhsullarını bəlkə də şübhə duymadan almaq istəyi satışı iri supermarket şəbəkələrinin həyata keçirməyidir. Avropa brendi kimi təqdim etdiyi “Pepco”-nun əslində hansı ölkəyə aid olduğunu “Araz” niyə gizlədir? Satışın daha çox Avropa ölkələrində aparılması nə zamandan brendin və istehsalın da ora aid olduğunu göstərir?

“Steinhoff International Holding”in rəsmi saytında qeyd edilib ki, “Pepco” Cənubi Afrika brendi sayılır. “Cənubi Afrikanın “Steinhoff” şirkətinə məxsus olan və hazırda Varşava Birjasında çoxmillətli pərakəndə satış şəbəkəsidir”, – məlumatda deyilir. Yəni, “Pepco” çoxmillətli satış şəbəkəsidir və Avropa brendi sayılmır. “Araz” “Pepco”nu əslində, Afrika brendi kimi təqdim etməlidir. Amma bu gün nədənsə “Avropanın keyfiyyətli və ucuz məhsulu” reklamını aparmaqla Azərbaycan alıcısını bir neçə dəfə aldatmış olur.

Əslində, “Pepco” “manatlıq” mağaza olduğunu və orada hansı keyfiyyətdə məhsul satıldığını gizlətmir, bunu açıq şəkildə bəyan edir və auditoriyasını açıqlayır. Bəs “Araz” niyə gizlədir?

Başqa bir mənbəyə baxaq: “East Value Research” araşdırma mərkəzinin məlumatına görə, “Pepco” əksər məhsulların 1 funt sterlinqə satışını həyata keçirir. Şəbəkənin geyimlərinin pərakəndə satış qiymətləri uşaq bədən kostyumu üçün 1 funt sterlinqdən qadın paltosu üçün 20 funt sterlinqə qədər dəyişir və çeşidin 90%-i 10 funt sterlinq və ya daha aşağı qiymətə satılır. Yəni, orada nadir hallarda 10 funtdan baha nə isə tapıb almaq olar. Bu gün reallıqdır ki, qiymət keyfiyyətin göstəricisidir. “East Value Research”ün araşdırması isə onu göstərir ki, “Pepco”nun məhsullarının keyfiyyət göstəriciləri qiyməti kimi aşağıdır.

“Pepco” brendləri Çin, Honq-Konq, Banqladeş, Pakistan və Hindistanda da mövcuddur. Məhsul bu ölkələrin xüsusilə zəngin olmayan təbəqəsini geyindirməyi və digər məhsullarla təmin etməyi hədəfləyir. Şirkətin rəsmi saytında qeyd edilib ki, “Pepco”nun qarşıdakı hədəfi orta səviyyədə yaşayan və aşağı gəlirləri olan şəxslərə diqqət yetirməkdir.

Məsələyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov da münasibətini bildirib.

O qeyd edib ki, artıq geyimlər ərzaq qiymətinə satışa çıxarılır. E.Hüseynov hesab edir ki, qiymətin aşağı olması həmin məhsulun saxta olması ehtimalını yüksəldir.

“Aşağı qiymətə satılan geyimlər təbii olaraq istehlakçılarda şübhə yaradır. Neçə illərdir ki, Bakının mərkəzində mağaza fəaliyyət göstərir, brend məhsullarının etiketini oxşar məhsullara vuraraq dəfələrlə ucuz qiymətə satır. Burada qiymətin aşağı olması həmin məhsulun saxta olmasının sübutudur. Azərbaycan əmtəə bazarının bütün seqmentlərində saxta mallar mövcuddur və istisna olunmur ki, daha çox ərzaq satışı ilə məşğul olan mağazaların satdığı geyimlər də saxta olsun. Çin dünyada hər şeyi saxtalaşdıran ölkəduir. Məhsul çox ucuz qiymətə satılırsa, ola bilsin ki, Çindən ölkəmizə idxal olunsun. Çünki Azərbaycanda xüsusilə istehlakçının rəğbətini qazanan məhsulun bir neçə həftə sonra onun saxta növləri gətirilir. Buna nəzarət edən dövlət qurumları təəssüflər olsun ki, susurlar. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 95-ci ildə qəbul edilib və bundan sonra dəyişməyib, heç bir müasir tələbələrə də cavab vermir”, - AİB sədri qeyd edib.

P.S. Yazıda adıçəkilən qurum və şirkətlərin mövqeyini dərc etməyə hazırıq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçiriləcək

SONRAKI XƏBƏR

MN: "Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır"