Umberto de Pretto: “Zəngəzur dəhlizi nəqliyyatçılar üçün alternativ marşrut yaradacaq”

Dünya miqyasında yükdaşıma sektoru üzrə təchizat zəncirlərində qırılmaların baş verdiyi hazırkı şəraitdə əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanın logistika imkanları bir çox ölkələrin diqqətini özünə cəlb edir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturunun inkişafı üçün göstərdiyi səylər dövlətlərin Azərbaycan üzərindən daşımalara olan marağını da getdikcə artırır. Mövzu ilə bağlı suallarımızı Dünya Avtomobil Nəqliyyatı Təşkilatının (IRU) Baş direktoru Umberto de Pretto cavablandırıb.

- Cənab Pretto, Azərbaycanın mövcud nəqliyyat-logistika imkanlarını necə qiymətləndirirsiniz və maraqlı ölkələr bu imkanlardan kifayət qədər faydalana bilirmi?

- Əlverişli nəqliyyat-logistika imkanlarına sahib olan Azərbaycan Asiya ilə Avropa arasında ticarət əlaqələrinin qurulması, Orta Dəhliz üzərindən ticarətin həyata keçirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malik olan tranzit dövlətdir və bu imkanlar onun region üçün əhəmiyyətini günü-gündən daha da artırır. Bütün bunlar, əlbəttə ki, ölkənin iqtisadiyyatına da əlavə töhfələr verəcək. Nəzərə alaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə ticarət əməliyyatlarının və daşıma fəaliyyətinin artırılması da Azərbaycana əhəmiyyətli iqtisadi fayda gətirir. Hesab edirəm ki, sərhədkeçmə prosedurlarının asanlaşdırılması və əməliyyat xərclərinin yumşaldılması sayəsində Azərbaycan yükdaşımadan əldə etdiyi iqtisadi səmərəni getdikcə artıra bilər.

- Azərbaycan, Türkiyə və Yaxın Şərq ölkələri arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi ilə bağlı hüquqi, inzibati və texniki baxımdan vəziyyət necədir?

- Regionun əksər ölkələri malların transsərhəd tranzitini asanlaşdırmaq, sürətləndirmək və xərcləri azaltmaq üçün TIR (beynəlxalq avtomobil nəqliyyatı) sistemindən istifadə edirlər. Azərbaycan bu sistemin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə görə öndə gedən ölkələrdəndir. Bundan əlavə, İran, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan kimi bir sıra region ölkələri də rəqəmsal TIR layihəsi çərçivəsində nəqliyyat şirkətlərinə əhəmiyyətli iqtisadi faydalar verirlər. Sistemin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın müvafiq qurumları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan arasında həyata keçirilən rəqəmsal TIR layihəsində iştirak etmək niyyətini bildiriblər.

Əlverişli nəqliyyat-logistika imkanlarına sahib olan Azərbaycan
Asiya ilə Avropa arasında ticarət əlaqələrinin qurulması, Orta Dəhliz
üzərindən ticarətin həyata keçirilməsi baxımından olduqca mühüm
əhəmiyyətə malik olan tranzit dövlətdir və bu imkanlar
onun region üçün əhəmiyyətini günü-gündən daha da artırır.

- Dünyada təchizat zəncirlərinin pozulması nəticəsində yükdaşımalarda nə kimi problemlər yaranıb?

- Son zamanlar dünyada, xüsusilə Ukraynada baş verən proseslərlə əlaqədar Şərqlə Qərb arasında ticarətin Şimal Dəhlizindən Orta Dəhlizə keçməsi sərhəd məntəqələrində sıxlığı xeyli artırdı və bunun da nəticəsində gözləmə müddətinin çoxalması əlavə xərclərin yaranmasına gətirib çıxardı. Ticarət marşrutu dəyişdirildikdən sonra isə Orta Dəhlizdə gecikmələr yaranır ki, bu da Azərbaycanın tranzit dövlət mövqeyinə mənfi təsir edir. Zənnimcə, Ro-Ro gəmilərinin və reyslərin sayı artırılarsa, Xəzər dənizinin keçidlərində gözləmələr aradan qaldırılacaq və bunun nəticəsində Azərbaycanın tranzit ölkə mövqeyi daha da güclənəcək.

- Azərbaycanın yeni nəqliyyat dəhlizləri yaratmaq səylərini necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan ərazisindən hansı istiqamətlərdə yeni dəhlizlərin açılması daha sərfəlidir?

- Azərbaycan tranzit daşımalara artan tələbatı ödəmək məqsədilə Gürcüstanla sərhəddə (Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində) yeni sərhəd qapısı açmağı planlaşdırır. IRU olaraq, bununla bağlı bizə dəstək sorğusu da göndərilib. Biz hazırda bu sorğunu USAID, IFC və GIZ kimi maraqlı tərəfdaşlarımızla müzakirə edirik.

Azərbaycanın regiondakı təsirini artırmaq üçün yeni sərhəd qapılarının açılması, əvvəldə də qeyd etdiyim kimi, sərhədkeçmə prosedurlarının asanlaşdırılması və sürətləndirilməsi əsasdır. Əgər bu istiqamətdə lazımi tədbirlər görülsə, Azərbaycan üzərindən daha çox daşıma fəaliyyəti həyata keçiriləcək ki, bu da ölkə iqtisadiyyatına əlavə gəlirlər gətirəcək.

Zəngəzur dəhlizi nəqliyyatçılar üçün alternativ marşrut yaradacaq,
Azərbaycan ilə Türkiyə arasında ticarət və daşımaların həcminin artmasına kömək edəcək.

- Zəngəzur dəhlizinin istismara veriləcəyi təqdirdə, bölgə ölkələri hansı faydalar əldə edə biləcək?

- Zəngəzur dəhlizi nəqliyyatçılar üçün alternativ marşrut yaradacaq, Azərbaycan ilə Türkiyə arasında ticarət və daşımaların həcminin artmasına kömək edəcək. Bölgədə fəaliyyət göstərən nəqliyyatçılar bu dəhlizdən istifadə etsələr, Türkiyə-Gürcüstan və Gürcüstan-Azərbaycan sərhəd qapılarında sıxlıq azalacaq və gözləmə müddətləri qısalacaq.

- Zəngəzur dəhlizinin açılmasının ixraca necə təsir edəcəyini düşünürsünüz? Bu dəhliz açıldıqdan sonra hansı istiqamətlər üzrə ixrac imkanları genişlənə bilər?

- Açılan hər bir yeni yol ölkə ticarətinə əlavə töhfə verir. Şübhəsiz ki, bu layihə reallaşdıqdan sonra yeni ticarət dəhlizi canlanacaq və buna uyğun olaraq, Azərbaycan treyderləri daha asan və daha sürətli ticarət etmək imkanı əldə edəcəklər. Sürətli ixrac imkanının yaradılması, vaxta qənaət etməklə yanaşı, həm Şərqin, həm də Qərbin ixraca olan tələbatını xeyli artıracaq.

İlhamə İSABALAYEVA

Vergiler.az

ƏVVƏLKİ XƏBƏR

Qaçqın: "Ermənilər də ağlaşırdı, deyirdilər, qonşuyuq da, dolanırıq..." - Video

SONRAKI XƏBƏR

Prokurorluqdan meyitlər üzərində təhqiredici hərəkətlərlə bağlı AÇIQLAMA