Azərbaycanda kirayə mənzillərin siyahısına daha 223 mənzil əlavə olunub

Azərbaycanda kirayə mənzillərin siyahısına daha 223 mənzil əlavə olunub<span class="qirmizi"></span>

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 223 tam təmirli mənzil əlavə edilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, o cümlədən Bakının Xətai rayonunun Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 36 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 187 mənzil təklif olunur.

Şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün oktyabrın 17-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

2020-ci ildən indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmindən 2 491 ailə faydalanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Mənbə: report.az